Koreyanın Rusiyaya ordu göndərməsi “qanuniləşdi” – Duma Kim Çen Inla Putinin sazişini təsdiqlədi

Rusiya Dövlət Duması cümə axşamı keçirilən iclasında Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib. Onun maddələrindən biri qarşılıqlı hərbi yardımı nəzərdə tutur.

Müqavilə iyunda Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı imzalanıb. O, həmçinin oktyabrın 14-də sənədi ratifikasiya üçün deputatlara təqdim edib.

Saziş 23 maddədən ibarətdir, onlar elm və texnologiya, o cümlədən kosmik və nüvə enerjisi, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir. Şimali Koreya nüvə və raket proqramlarının inkişafına görə onilliklər ərzində BMT-nin sanksiyaları altında olan dünyanın ən kasıb ölkələrindən biridir. Müqavilənin bəndlərindən biri də sanksiyalardan yayınmaqda tərəflərin bir-birinə kömək etməsini nəzərdə tutur.

Sazişin dördüncü maddəsi tərəflərdən biri bir və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qaldıqda, tərəflərin bir-birinə “əllərində olan bütün vasitələrlə” hərbi yardım göstərmək öhdəliyini nəzərdə tutur.

Şimali Koreya Ukrayna ilə müharibədə Moskvaya açıq dəstək verən dünyanın bir neçə ölkəsindən biridir. Bir çox məlumatlara görə, Pxenyan Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini etiraf edib və Rusiya ordusunu sursatla təmin edir.

Çərşənbə günü “The Wall Street Journal” anonim mənbəyə istinadən yazıb ki, Putin və Kim tərəfindən imzalanmış sənəddə Şimali Koreya qoşunlarının Ukrayna ilə müharibəyə göndərilməsinə icazə verən məxfi bənd var./azpolitika.info