Keçmiş naziri ömürlük həbs gözləyir

Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedova qarşı daha bir cinayət işi açılıb.

Bu barədə Rusiya KİV məlumat yayıb. 

O, terrorizmi təbliğ etməkdə ittiham olunur və eks-naziri indi ömürlük həbs gözləyir. 

İstintaqın məlumatına görə, 2006-cı ildə Gergebil rayonunun rəhbəri vəzifəsini tutan Maqomedov qanunsuz silahlı “Gimrinskaya” qruplaşmasının maliyyələşdirilməsi üçün deputat və kriminal rəis Maqomedxabib Maqomedəliyevə 100 min dollar köçürüb. Bu dəstədən olan terrorçular bütün ərazini qorxu içində saxlayırdılar. 2013-cü ildə Maqomedəliyev xüsusi əməliyyat zamanı məhv edilib.

Xatırladaq ki, Maqomedov ötən il oktyabrın 3-də saxlanılıb. O, Dağıstanın idman naziri olduğu dövrdə, yəni 2012-ci ildən 2021-ci ilə kimi cinayət və oğurluqla əlaqədə şübhəli bilinir. Sonradan məlum olub ki, keçmiş siyasətçi büdcədən içməli suya, mənzil-kommunal təsərrüfatı üçün avtomobillərə və respublika sakinlərinin qəzalı vəziyyətdə olan evlərinin təmirinə ayrılan vəsaiti mənimsəyib. 

İyulun 20-nə keçən gecə Maqomedov Moskvadakı istintaq təcridxanasının kamerasında intihara cəhd edib.