Təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dünən axşam dələduzların qurbanı olub. Onun atası Cəlil Alıyevə məxsus "Kapital bank” kartından ümumilikdə 80 507 manat pul çəkilib.
Ölkəmizdə tez-tez baş verən kibercinayətkarlıq hadisələri fonunda Hökumə Əliyevanın ailəsinə ayrılan sığorta və kompensasiya məbləğinin də oğurlanması insanlarda banklara olan etimadı azaldır.
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, son zamanlar Azərbaycanda bir çox bank müştəriləri eyni hadisələrlə üz-üzədir, amma təbii ki, ən çox müştərisi olan banklar bu cür problemlərlə daha çox üzləşir.
Onun sözlərinə görə, “Kapital Bank” da Azərbaycanda ən çox müştərisi olan banklardan biridir. Bu səbəbdən də bank dələduzluq problemləri ilə daha çox rastlaşır.
"Ümumiyyətlə Azərbaycanda bugünədək heç bir bankın sistemindən pul oğurlanmayıb. Hadisələr dələduzluq müstəvisində, sadəcə vətəndaşı manipulyasiya edərək onun məlumatlarını ələ keçirmək və elektron bank hesabına daxil olmaqla həyata keçirilir. Burada əsas məsələ vətəndaşların üzərinə düşür. Onlar öz məlumatlarını verməmək üçün dələduzluq halları haqqında məlumatlı olmalıdır. Bir çox halda biz görürük ki, vətədaş öz məlumatlarını, OTP kodunu, bank kartı, şəxsi məlumatlarını qarşı tərəfə öz istəyi ilə ötürür. Bu halda da bank iddia edir ki, biz bilmirik o vətəndaşın özüdür və ya dələduzdur, ona görə də konkret bir məhdudiyyət qoymaq mümkünsüzdür. İlk növbədə vətəndaşlar düzgün maariflənməlidirlər".
Elvin Abbasov vurğulayıb ki, banklar heç bir halda vətəndaşın, yəni öz müştərisinin məlumatlarını istəmir.
"Biz dəfələrlə bu barədə çağırışlar etdiyimiz halda insanlar yenə də qarşı tərəfə məlumatlarını verir. Burada əsas məsələ vətəndaşların maariflənməsidir. Təbii ki, bankların da üzərində bir məsuliyyət var. Banklar öz vətəndaşlarını daha yaxşı şərait yaratmaq üçün əlavə tədbirlər görməlidir. Başadüşləndir ki, banklar bizneslərini sadələşdirmək və daha əlçatan olmaq üçün müştərilərə daha sadə və rahat interfeys vermək məqsədilə tətbiqlərində rahatlıq yaradırlar. Amma bu yaradılan rahatlıq eyni zamanda dələduzların da köməyinə gəlir. Bu səbəbdən banklar da prosedur qaydalarında dəyişiklik etməlidirlər".