Karapetyandan şok: İrəvan 2021-də savaş hazırlığı aparırdı - Video

2018-ci ildə mən birmənalı olaraq proqnoz vermişdim ki, bir-iki ildən sonra yeni müharibə olacaq və biz onu uduzacağıq. Mənim əsasım nə idi? Kifayət qədər statistika və açıq məlumatlar var idi. Məsələn, 1990-cı illərdə Ermənistan və Azərbaycanın demoqrafik göstəriciləri az-çox müqayisə olunurdu. Əhalimiz 4 milyona yaxınlaşırdı, qonşularımız isə 6 milyona yaxın idi. Biz ilk növbədə erməni millətindən olan sovet zabitlərinin sayəsində daha tez təşkilatlana bildik və bunun sayəsində qalib gəldik.

Stopnarkotik.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın gücü qarşısında uduzmağa məhkum idi:

“30 ildən sonra Ermənistanda 2,5 milyon insan qaldı, Azərbaycanda əksinə, əhali sayı 10 milyona çatdı. Onların ordusunun sayı səfərbərlik ehtiyatı ilə 150 mindən 800 minə qalxdı. Azərbaycan silah, texnika baxımından da mütləq üstünlüyə nail olub. Büdcələr və silahlı qüvvələr müqayisəolunmaz idi. Belə şəraitdə perspektivlər kifayət qədər aydın görünürdü. Üstəlik, təmas xəttində artıq vaxtaşırı problemlər yaranırdı. 2020-ci il iyulun 12-də ölkələrimiz arasında mövqelərdən birinə görə toqquşmalar baş verdi. Bundan sonra Paşinyana bildirdim ki, mənim fikrimcə, Azərbaycan artıq bir və ya ay yarım ərzində genişmiqyaslı hərbi əməliyyatların başlayacağı barədə siyasi qərar qəbul edib”.

Karapetyan bildirib ki, müharibə olacağı təhlükəsi ərəfəsində o, Rusiyadan kömək təklifini irəli sürüb:

“Şəxsən mən əsas müttəfiqimiz Rusiyadan kömək istəməyi təklif etdim. Təəssüf ki, bu fikrə cavab verilmədi. Faciə o idi ki, hakim komandanın əksəriyyəti Silahlı Qüvvələrin ehtiyac və tələblərini hədsiz dərəcədə zəif başa düşürdü. Təkcə onu demək kifayətdir ki, onların demək olar ki, heç biri, Nikol Paşinyan özü də orduda xidmət etməyib. Bu adamlar nədənsə elə bilirdilər ki, müharibə olarsa, hərbi əməliyyatlara yalnız Müdafiə Nazirliyi cavabdehlik daşıyacaq. Eyni zamanda, azərbaycanlılar başqa cür yanaşırlar. Onlara görə, müharibə olarsa, bütün ölkə vuruşacaq. 2020-ci ildə qarşıdurma başlayandan sonra dərhal orada qərargah yarandı və ölkə prezidenti Ali Baş Komandan vəzifəsini icra etdi və nəticə üçün açıq şəkildə cavabdeh idi”.

Sabiq nazir iddia edib ki, Türkiyə və Azərbaycan birgə əməkdaşlığının analoqunun Rusiya və Ermənistan arasında olmasını istəyib, lakin bu baş tutmayıb:

“Mən birmənalı olaraq müdafiə qabiliyyətimizi gücləndirmək üçün Rusiyaya müraciət etməyin tərəfdarı idim. 2021-ci ildə dörd ay müdafiə naziri vəzifəsində çalışdım. Bu müddət ərzində mən bir neçə dəfə Moskvaya getdim, biz geniş qarşılıqlı fəaliyyət proqramı üzərində düşündük. Beləliklə, bizim xahişimizə əsasən, Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini başda olmaqla, yüksək rütbəli rus zabit və generalları 2020-ci il müharibəsinin təcrübəsini öyrəndilər və Ermənistan Silahlı Qüvvələrinin hansı istiqamətdə islahat aparılmasına dair nəhəng sənəd yaratdılar. Rus silahları ən qısa zamanda bizə verilməli idi. Bundan başqa, Silahlı Qüvvələrimizdə kadr hazırlığına kömək etmək üçün rusiyalı müşavirlər gələcəkdi.

Əgər bu proqram həyata keçirilsəydi, Rusiya ilə Ermənistanın birliyi Azərbaycan və Türkiyə birliyinə bənzəməyə başlayacaqdı. Arayış üçün deyim ki, Azərbaycan Ordusunda türk müşavirlər batalyon səviyyəsində işləyir və müdafiə naziri səviyyəsinə çatır. Biz burada da oxşar sistemi yaratmaq istəyirdik. Silahların ilk tədarükü artıq həyata keçirilmişdi, bizə uçmalı olan rus zabitlərin siyahıları da hazır idi. Təəssüf ki, mən tutduğum vəzifədən uzaqlaşdırıldım və bütün bu planlarım boşa çıxdı”.