“İrəvan Qarabağla bağlı qərarı NATO-nun təsiri altında verib” - MARİYA ZAXAROVA

“İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib. Regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib.

“Rəsmi İrəvan Qarabağın Azərbaycan ərazisi olduğu barədə qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. “Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və bunu yayanların hamısını yalan danışmaqda ittiham edirəm”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın “Dağlıq Qarabağ”dan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə “Dağlıq Qarabağ sakinləri”nin hüquqları heç bir şəkildə təsbit edilməyib və təmin edilməyib.

Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır./modern.az