İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəlilini məğlub edən Məsud Pezeşkian İranın 9-cu prezidenti olub. Seçki Qərargahından verilən rəsmi məlumata görə, sayılan 30,53 milyon bülletenin nəticələrinə əsasən, Pezeşkian 16,384 milyon səs toplayıb ki, bu da ümumi səslərin 53,6 faizi deməkdir. Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəlili isə 13,538 milyon (44,3%) səs toplayıb və ikinci olub.
İranın yeni prezidentinin DOSYE-si:
Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Mahabad şəhərində türk ailəsində anadan olub. Pezeşkian özü də çıxışlarında tez-tez türk olduğunu xatırladan bir siyasətçidir. O, təbliğat prosesində İran mediasına verdiyi və sosial mediada geniş müzakirə olunan müsahibəsində deyib: “Mən türkəm. Anam da, atam da türkdür. Türklüyümlə fəxr edirəm. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca deyil”.
Soyadı farsca "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin məzunudur. 1973-cü ildə diplomunu aldıqdan sonra məcburi hərbi xidmətini yerinə yetirmək üçün Zabol şəhərinə köçüb. Bu dövrdə o, tibblə maraqlanmağa başlayıb. Xidmətini başa vurduqdan sonra doğma şəhərinə qayıdaraq orada tibb məktəbinə daxil olub və ümumi tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pezeşkian 1985-ci ildə təcrübəçi kursunu bitirib və tibb fakültəsində fiziologiyadan dərs deməyə başlayıb. O, 1980-1988-ci illərdə İran-İraq müharibəsində həm hərbçi, həm də həkim kimi xidmət edib. Müharibədən sonra Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yarımixtisas təhsili almışdır. Daha sonra ürək cərrahiyyəsi üzrə mütəxəssis olan Pezeşkian, 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Məsud Pezeşkian avtomobil qəzasında həyat yoldaşını və bir uşağını itirib və bundan sonra heç vaxt evlənməyib.
Pezeşkianın siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. 2001-ci ildə Hatəmi dövründə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb. 2008-ci ildə ölkədə keçirilən ümumi seçkilərdə Təbriz millət vəkili olaraq parlamentə girməyi bacaran Pezeşkian o vaxtdan bəri beş dəfə - 8-ci, 9-cu, 10-cu,11-ci və 12-ci məclislərdə millət vəkili seçilib, Təbriz, Azərşəhr, Üskü şəhərlərini təmsil edib.
O, həmçinin 10-cu dövrdə parlamentdə türkdilli fraksiya rəhbəri təyin edilmişdi. Bu fraksiya türkdilli nümayəndələrin imkanlarından problemlərin həlli və türk bölgələrinin tarazlı inkişafı üçün istifadə etmək məqsədini daşıyırdı. Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. İranda 2013-cü il prezident seçkiləri üçün namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkianın 2021-ci il seçkilərində iştirakı isə Konstitusiya Keşikçiləri Şurası tərəfindən qəbul edilməyib. Pezeşkian martın 1-də keçirilən parlament seçkilərində Təbrizdən parlamentə birinci olaraq daxil olmağı bacarıb.
İslahatçı siyasi baxışı olan Məsud Pezeşkian deputat olarkən parlamentdəki çıxışlarında hakimiyyətin xarici və daxili siyasətini daim tənqid edib.
Pezeşkian, həmçinin İran – Türkiyə Dostluq Cəmiyyətinin üzvüdür./"azpolitika.info"