İrandan Azərbaycana "Tramadol" daşıyan şəxsə HÖKM OXUNDU

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə olan külli miqdarda tramadol həbləri daşımaqda təqsirləndirilən Türkiyə vətəndaşı Serkan Alagözün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Alagöz 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, Serkan Alagöz TIR sürücüsü olub və özünə məxsus yük maşını ilə yükdaşımalar həyata keçirirmiş. Türkiyədən İrana yük aparan S.Alagöz İrandan Azərbaycana 250 min lirə (təxminən 11 min AZN - red.) qarşılığında külli miqdarda narkotik vasitə olan tramadol həbləri gətirməyə cəhd edib. O, ümumi çəkisi 6.5 kiloqram olan 28 605 ədəd güclü təsiredən maddəni - tramadol dərman preparatlarını ölkə ərazisinə keçirmək istəyərkən Naxçıvanda gömrük əməkdaşları tərəfindən saxlanılıb./oxu.az