Bu gün kibertəhlükəsizlik mənbələri İranın “MuddyWater” haker qrupunun Türkiyə, İsrail və Azərbaycana qarşı yeni hücum kampaniyasına başladığını bildirib. Hücumlarda qrupun ilk dəfə tətbiq etdiyi “UDPGangster” adlı yeni təhlükəli proqramdan istifadə olunur.
Stopnarkotik.az Bakupost.az-a istinadla xəbər verir ki, hücumlar əsasən “speer-fishing” e-poçtları ilə yayılır. Mesajlar Şimali Kipr Türk Respublikası XİN-in adından göndərilmiş kimi göstərilir və “Prezident seçkiləri və nəticələr” adlı saxta seminara dəvət formasında təqdim edilir.
E-poçtlara əlavə edilən vörd sənədi açıldıqda və makrolar aktivləşdirildikdə, zərərli kod işləyir və sistemə “UDPGangster” yerləşdirilir. Sənəd açıldıqda istifadəçiyə “Bezeq” telekom şirkətinin adından hazırlanmış saxta bildiriş göstərilir.
Mütəxəssislər bildirirlər ki, hədəf əsasən diplomatik qurumlar, dövlət strukturları və kritik sektor təşkilatlarıdır. Hücumların yaxın günlərdə genişlənə biləcəyi ehtimal edilir.
Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçilərə naməlum sənədləri açmamağı və makroları aktivləşdirməməyi tövsiyə ediblər.