İranda daha iki etnik bəluc edam edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Xaş şəhərində 29 yaşlı Milad Qələvi və Günbədkavusda isə 25 yaşlı Fərşad Rəxşani adlı etnik bəluclar dar ağacından asılıblar.
Məlumata görə, xəbər indi yayılsa da, Milad Qələvinin edam hökmü martın 3-də, Fərşad Rəxşaninin isə martın 6-da icra edilib.
Qeyd olunub ki, məhbuslar adam öldürməkdə ittiham ediliblər.
Xatırladaq ki, İranda İnsan Haqları Təşkilatı (HENGAW) İranda 2023-cü ildə edamların sayının 2022-ci illə müqayisədə 43% artdığı barədə xəbər verib. Bildirilib ki, ötən il İranda 834 edam həyata keçirilib, ondan bir il əvvəl isə 583 ölüm hökmü icra edilib. Bu rəqəmlər ölkədə 2015-ci ildən bəri (972 edam) ən yüksək göstəricidir.
Hesabatda, həmçinin 2023-cü ildə ən azı 22 qadının edam edildiyi bildirilib. Bu, son onillikdə ən yüksək göstəricidir.
Bundan əlavə, edam edilənlər arasında çoxlu sayda etnik azlıqların nümayəndələri, xüsusən də İranın cənub-şərqindən olan sünni bəluclar var. Ümumilikdə, bəluc azlığının 167 üzvü edam edilib ki, bu da 2023-cü ildəki edamların ümumi sayının 20%-ni təşkil edir. Halbuki İrandakı bəlucların sayı ölkə əhalisinin yalnız 5%-ni təşkil edir.