Regional kəşfiyyat mənbələrinin bildirdiyinə görə, İordaniya təyyarələri çərşənbə axşamı Suriya daxilində İrana bağlı narkotik qaçaqmalçılarının “şübhəli” təsərrüfatlarına və sığınacaqlarına bir həftə ərzində ikinci reyd keçirib. Başqa sözlə, İordaniya ordusu Suriya ilə sərhədi boyunca silah və partlayıcı maddələrlə birgə iri yük daşıyan iranpərəst silahlı qruplaşmalarla əlaqədə şübhəli bilinən onlarla insanla keçən ay toqquşmadan sonra narkotik alverçilərinə qarşı kampaniyanı gücləndirib.
Stopnarkotik.az xəbər verir ki, İordaniya və onun Qərb müttəfiqləri qaçaqmalçılıqda artımın arxasında Livanda İranın dəstəklədiyi Hizbullah və Suriyanın cənubuna nəzarət edən digər iranpərəst dəstələri günahlandırır.
İran və Hizbullah bu iddiaları Qərbin Suriyaya qarşı sui-qəsd planı kimi qiymətləndirib, Suriya isə İranın dəstəklədiyi dəstələrlə bağlılığını inkar edir.
Mənbələr Suriyanın “Suwayda 24” saytının xəbərlərini təsdiqləyiblər ki, üç zərbə İordaniya-Suriya sərhədi yaxınlığındakı Sveyda əyalətinin Şaab və Arman şəhərlərində aparıcı narkotik alverçilərini hədəf alıb. Dördüncü zərbə Malah kəndi yaxınlığındakı fermaya düşüb. Keçən cümə axşamı İordaniya rəsmiləri Sveydada transsərhəd qaçaqmalçılıq əməliyyatlarının çoxunun baş verdiyindən şübhələndiyi yerləri vurdu.
Vətəndaş fəalı və tədqiqatçı Rayan Maruf bildirir ki, "İordaniyalılar narkotik maddələri sərhəddən keçirməzdən əvvəl onu saxlamaqda şübhəli bilinən ferma təsərrüfatlarını, eləcə də tanınmış narkotik satıcılarının əsas evlərini və sığınacaqlarını hədəfə alırlar".
“Suwayda 24”ün redaktoru olan Maruf əlavə olaraq qeyd edib ki, "Son zərbələr İordaniyanın narkotik satıcılarına qarşı müharibəsini gücləndirdiyini göstərir".
İordaniyaya təhlükəsizliyin gücləndirilməsi tədbirləri istiqamətində ABŞ-ın yardımı çərçivəsində 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri sərhəd postlarının yaradılması üçün 1 milyard dollara yaxın vəsait ayrılıb. BMT ekspertləri, ABŞ və Avropa rəsmiləri bildiriblər ki, qeyri-leqal narkotik ticarəti Suriyada on ildən çox davam edən qarşıdurmada meydana çıxan İranyönlü silahlı dəstələri və hökumətyönlü hərbiləşdirilmiş qüvvələri maliyyələşdirir.
Müharibədən əziyyət çəkən Yaxın Şərq ölkəsi çox milyard dollarlıq narkotik ticarəti üçün regionun əsas məkanına çevrilib, İordaniya isə “captagon” kimi tanınan Suriya istehsalı amfetamin üçün neftlə zəngin Körfəz ölkələrinə əsas tranzit marşrutdur.
Stopnarkotik.az