İran XİN rəhbərinin terrorçu "Bəsic" təşkilatının üzvü olduğu ifşa edildi – HAKERLƏR MƏXFİ SƏNƏDLƏRİ ƏLƏ KEÇİRDİ

"Xalq Mücahidləri Təşkilatı"na yaxın olan "Rice to Overthrow" adlı haker qrupu İranın Xarici İşlər Nazirliyinin internet saytını "sındırıb". Nəticədə, təşkilat bir neçə gizli sənəd əldə edib.

Stopnarkotik.az xəbər verir ki, “Bəsic” Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin, eləcə də “Kərbəla Bəsic” Təşkilatı üzvlərinin siyahısı ələ keçirilən sənədlər arasındadır.

Haker qrupu Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə onların sərəncamında olan avtomobillərin siyahısını, eləcə də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəklini, XİN rəhbəri Hüseyn Əmirabdullahyanın “Bəsic” təşkilatına üzvlük kartının fotolarını da yayıb.

Məlum olub ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan terrorçu SEPAH-ın və Qüds Qüvvələrinin köhnə üzvlərindən biri olub. Hazırda isə Abdullahiyan SEPAH-ın tərkibinə daxil olan və onun beş əsas qolundan biri sayılan "Bəsic"in fəal üzvüdür.  

Haker hücumundan sonra İran XİN-in saytına bir neçə saatlığına giriş mümkün olmayıb. Hücum barədə xəbəri Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani təsdiqləyib.

Hakerlər hücumla bağlı yaydıqları məlumatda, ümumi olaraq XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları haqda məlumatları ələ keçirdikləri bildiriblər.

Qrupun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin bütün diplomatik nümayəndəliklərini saytları və ümumi əlaqə sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.

Stopnarkotik.az