Əlibaba Rzayev: ““Naməlum iranlı” ifadəsi daxildəki narkobaronları gizlətmək üçün ortaya atılıb”
“Nəyə görə, narkotik dövriyyəsinin başında dayanan kəslərdən biri həbs olunmur?!”
“Nə qədər ki, narkobaronlar, qanunsuz dövriyyənin başında duran, onu himayə edən adamlar cəzalandırılmır, ölkə əhalisinin 90 faizini də həbs etsən, yenə də narkotik vasitələrə qarşı mübarizə öz nəticəsini verməyəcək”
Stopnarkotik.az saytı bir neçə gün əvvəl məhkəmənin bəraət verdiyi iki narkotik alverçisinin Baş Prokurorluğun protesti ilə yenidən həbs cəzasına məhkum edilməsi haqda məlumat vermişdi. Bu qərar narkotik alveri ittihamı ilə məşğul olanların layiqli şəkildə cəzalandırılması baxımından ədalətli sayılacaq addım olsa da, bəzi mübahisə və fikir ayrılığına səbəb olur. Bəs buna səbəb nədir? Əlbəttə, ilk növbədə məhkəmələrə olan inamın itməsidir. Hansı ki, illərlə məhkəmə qərarlarının alver predmetinə çevrilməsi cəmiyyətimizdə hakimlərin ədalətinə olan etimadı sarsıdıb. Lakin bəzi hüquq müdafiəçiləri məsələyə bir qədər fərqli yanaşır. Stopnarkotik.az-a danışan tanınmış vəkil Əlibaba Rzayevlə söhbətimiz də məhz bu mövzu ətrafındadır.
- Əlibaba müəllim, bir neçə gün əvvəl məhkəmə tərəfindən bəraət alan narkotik alverçiləri prokurorluğun protest verməsi nəticəsində yenidən 9 il həbs cəzasına məhkum olundular. Sizcə, belə bir vəziyyətdə hakimlərin heçmi məsuliyyəti yoxdur?
- Hansı hakimlərdən söhbət gedir?
- O hakimlərdən ki, narkotik alverçilərinə bəraət vermişdi.
- Bu məsələ araşdırılmalıdır ki, birinci instansiya məhkəməsinin, yoxsa Apellyasiya Məhkəməsinin qərarı doğrudur. Söhbət hökmdən gedir. Yəqin ki, iş kassasiya şikayəti üçün Ali Məhkəməyə verilməlidir. Hələ biz bilmirik ki, birinci instansiyanın hökmü doğrudur, yoxsa Apellyasiya Məhkəməsinin. Söhbət ondan gedir ki, hansı instansiyanın hökmü qanuni əsaslıdır. Amma bir şeyi deyə bilərəm ki, birinci instansiya məhkəməsi tərəfindən bəraət hökmü çıxarılıbsa, o bəraət hökmünə həssas yanaşırlar. Yəni tam əsaslı olmadığı halda bəraət hökmü vermirlər. Son təcrübə də onu göstərir. Çünki bütün hallarda ehtiyat edirlər ki, yuxarı instansiya məhkəməsi o hökmü ləğv edə bilər. Ona görə, onlar özləri tam əmin olmasalar ki, bu iş üzrə bəraət verilməlidir, o işə bəraət vermirlər. Mən təcrübəyə əsasən hesab edirəm ki, yuxarı instansiya məhkəməsinin hökmü qanunsuz olacaq. Dəqiq fikir deyə bilmirəm, sadəcə, ehtimal edirəm. Çünki işin içində deyiləm. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, birinci instansiya məhkəməsi tərəfindən verilən bəraət hökmləri tam qanuni əsaslı olur. Çünki hakimlərin özləri də ehtiyatlanırlar, bilirlər ki, prokurorluq o hökmdən protest verəcək, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə bunu araşdıracaq, əgər bu hökm qanunsuz verilibsə, ləğv olunacaq. Yəni hakimlər tam əmin olmadıqları halda belə bir hökm çıxarmırlar. Ona görə, mən hesab edirəm ki, burada Apellyasiya Məhkəməsinin yanlışlığı var. Birinci instansiya məhkəməsinin hökmünün daha qanuni olduğunu düşünürəm. Bu, mənim mövqeyimdir. Düzdür, mən işin içində olmadığıma görə dəqiq bir şey deyə bilmərəm, amma ümumi təcrübəyə, yanaşmaya əsaslanaraq belə fikir söyləyə bilərəm ki, Apellyasiyanın qərarı qanuni əsaslı deyil. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermək lazımdır ki, görək hansı qərarı verəcək, birinci instansiya məhkəməsinin, yoxsa Apellyasiya Məhkəməsinin qərarını qanuni hesab edəcək. Bununla bağlı hələ dəqiq fikir söyləmək mümkün deyil.
Nə qədər ki, bu narkobaronlar, ümumiyyətlə, qanunsuz dövriyyənin başında duran, onu himayə edən adamlar həbs olunmayıb, cəzalandırılmayıb, zərərsizləşdirilməyib, ölkənin əhalisinin 90 faizini də həbs etsən, yenə də narkotik vasitələrə qarşı mübarizə öz nəticəsini verməyəcək.
- Son günlər bir neçə dəfə narkotik satışı ittihamı ilə həbs olunmuş şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Sizcə, bu, elə bir təəssürat yaratmırmı ki, narkotik satıcıları məhkəmə, yaxud digər strukturlar təfəindən himayə olunurlar?
- Mən onu deyə bilərəm ki, ümumiyyətlə, narkotik ittihamı ilə bağlı çox sayda həbsə düşənlər var. Həbsxanadakıların bəlkə də yalan olmasın yarısı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı oraya düşənlərdir. Amma mən bunların içində indiyə qədər bir nəfər də narkobaronun həbs olunduğunun şahidi olmamışam. Narkotik vasitələr haradan gəlir? Onun dövriyyəsini təşkil edən kimdir? Bu prosesin başında dayanan kimdir? Görürsünüz ki, həbs olunan şəxslər adi, sıradan vətəndaşlar, rayon adamları, işi-gücü olmayan adamlardır. Həbs olunan bunlardır. Narkotik bunlara hansı vasitə ilə, necə gəlib çıxır? Nəyə görə bu narkotik dövriyyəsinin başında dayanan kəslərdən biri həbs olunmur?! Nə qədər ki, bu narkobaronlar, ümumiyyətlə, qanunsuz dövriyyənin başında duran, onu himayə edən adamlar həbs olunmayıb, cəzalandırılmayıb, zərərsizləşdirilməyib, ölkənin əhalisinin 90 faizini də həbs etsən, yenə də narkotik vasitələrə qarşı mübarizə öz nəticəsini verməyəcək. Məsələ bundadır. Ehtimal edirəm ki, ola bilər, şəxs bir neçə dəfə tutulur, buraxılır, ola bilər ki, o kimlərsə tərəfindən himayə olunsun. Amma məsələnin əsas kökü, bilirsiniz, nədir? Narkotikin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılırsa, bu dövriyyənin başında duran adamlar müəyyən edilib cəzalandırılmalıdır. Praktikada biz də görürük, cibindən yarım qram heroin tapırlar, 9 il iş verirlər. Bir kiloqram, 5 kiloqram, 5 tonluq narkotik dövriyyəsinin başında duran adamların tutulmasını görməmişik. Axı, bu narkotik haradan gəlir? Bunu təşkil edən var axı. Tutulan 5 nəfər deyil, 10 nəfər deyil, 100 nəfər deyil, on minlərlə həbs olunan şəxs var. Deməli, narkotik paylayan on minlərə insan var, narkotik vahid mərkəzdən paylanılır. Haradadır o vahid mərkəz? Nə qədər ki, o vahid mərkəz aşkarlanmayıb, cəzalandırılmayıb, narkotikin qanunsuz dövriyyəsi ilə bağlı mübarizənin nəticəsi olmayacaq.
- Ümuimyyətlə, narkotiklə bağlı tutulanların əksəriyyəti bildirirlər ki, guya, hansısa sosial şəbəkədə iranlı narkotacirlə əlaqə yaradıblar, iranlı narkotacir həmin şəxsə narkotikin gizlədildiyi yeri nişan verib, şəxs də narkotiki gedib oradan götürüb, satmağa aparıb. Sizə elə gəlmirmi ki, narkobaronlar dəfələrlə həbsə girib-çıxan narkotik satıcılarını himayə edirlər, narkotiki iranlı narkotacirdən almaq məsələsi isə hekayədir?
- Ola bilər. Həmin iranlı məsələsi mənim özümün də təcrübəmdə olub. Bu, iranlı məsələsi deyil. Narkotik satıcılarını təmin edənlərin çoxu bizim ölkənin daxilindədir. Onları aldadırlar, tora salırlar, iranlı adı ilə düzüb-qoşurlar. İri narkotik vasitələrini təmin edənlər iranlı olmur, elə bizim ölkənin içində olur. Narkotiklə bağlı bütün məhkəmə hökmlərində göstərilir ki, naməlum şəxsdən, naməlum şəraitdə, bilinməyən vaxtda alınıb... Bu nə deməkdir, naməlum şəraitdə, naməlum vaxtda, bilinməyən şəxsdən... Belə bir ittiham olarmı? Bilinməlidir ki, narkotiki kim gətirdi, haradan gətirdi, necə gətirdi. Bunlar hamısı bəlli olmalıdır. Bunlar təşkil olunur. Bir az da imkansız, narkotikə meylli adamları belə asanlıqla tora salıb, həbs etdirirlər.
- Belə başa düşürük ki, siz də kiminsə hansısa “tanımadığı iranlı şəxsdən” narkotik almasını inandırıcı hesab etmirsiniz...
- Mən ona inanmıram. Hesab edirəm ki, bu təşkil olunmuş məsələdir. Mən öz təcrübəmə əsaslanaraq deyirəm ki, o adamlar iranlı deyil, elə bu ölkənin içində olurlar. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən adamlar olurlar. Bu adamların da çoxu istifadəçi olur. Narkotiki satanlar da istəyir ki, özü 5 manat qazansın, öz istifadəsi üçün narkotikin pulunu qazansın. Həbs olunanlar əsasən bu kateqoriyadan olan adamlardır. Mən bir dənə də narkobaronun həbs olunduğunun şahidi olmamışam. Axı narkobaronsuz narkotikin bu səviyyədə qanunsuz dövriyyəsi mümkün deyil. Nəyə görə ona qarşı mübarizə aparılmır?! Həmişə bütün cinayət işlərində mənbəyi bəlli olmayan, yaxud adı istintaqa məlum olmayan şəxsdən əldə edilmiş narkotik olur. Bu nə deməkdir: “adı istintaqa bəlli olmayan”. Adı istintaqa bəlli deyilsə, onun özü də bəlli olmaya, mövcud olmaya, uydurma ola bilər. Buna aydınlıq gətirilməlidir. Belə bir ittiham ola bilməz.
Narkotiklə bağlı işlərə çox çıxmıram. Çünki əsəbləşirəm, görürəm ki, onların əksəriyyəti qanunsuz işlərdir. Düzdür, onların içində xırda dövriyyəli narkotik alverçiləri də var, amma görürsən ki, orada ört-basdır edilən çox məsələlər var...
- Sizcə, “narkotiki naməlum iranlı şəxsdən almaq” deyimi içəridəki narkobaronun, narkotik ticarətini himayə edənlərin kimliyini ört-basdır etmək üçündür?
- Əlbəttə. Narkotikin qanunsuz paylanmasına rəhbərlik edənin kimliyini, mənbəyi ört-basdır etməkdən ötrüdür. Onları gizlətmək üçündür.
- Yəni paylama məntəqəsi daxildəndir...
- Yəqin ki. Böyük miqdarda narkotik əsasən xaricdən gəlir. Tonlarla gəlir. Burada da paylama proseslərinə rəhbərlik edənlər var.
Yeri gəlmişkən, indiyədək nə o tonlarla narkotik keçirənlərin, nə də ölkə daxilində narkotikin paylanması prosesinə rəhbərlik edənlərin həbsinə şahid olmamışıq. Elə “naməlum iranlı şəxs” ifadəsi də o məqsədə xidmət edir ki, əsas mənbə gizlədilsin.
- Sizin təcrübənizdə narkotiklə bağlı işlər çox olur?
- Düzü, narkotiklə bağlı işlərə çox çıxmıram. Çünki əsəbləşirəm, görürəm ki, onların əksəriyyəti qanunsuz işlərdir. Düzdür, onların içində xırda dövriyyəli narkotik alverçiləri də var, amma görürsən ki, orada ört-basdır edilən çox məsələlər var. Yəni, əslində, bunu “narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə” adlandırmaq olmaz. Ona görə də belə işlərə çox çıxmıram, amma bəzi çıxdığım işlər var.
- Bəs, bu şəraitdə nə təklif edə bilərsiniz?
- Təklif ondan ibarətdir ki, əgər doğrudan da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizədən söhbət gedirsə, normal şəkildə, düzgün mübarizə təşkil olunmalıdır və narkotiki ölkəyə gətirənlər, onun paylanması ilə məşğul olan şəxslər müəyyən edilməli, cəzalandırılmalıdır. Ölkəyə gəlməsə, paylanmasa, on minlərlə insan narkotik vasitəni nə əldə edə blər, nə də onun bir qismini başqasına satarkən tutulub həbsə getməz. Mənbə müəyyən edilməlidir, mübarizə köklü şəkildə aparılmalıdır. Əsas hədəf müəyyən olunmalıdır. Hədəf də kimdir - narkotiki ölkəyə gətirənlər və onun dövriyyəsini burada təşkil edənlər. Praktikada indiyə qədər bu səviyyədə adamın həbs olunmasını müşahdə etməmişik.
- Maraqlıdır ki, sərhəddən qanunsuz olaraq iynə keçirmək olmur, amma tonlarla narkotik asanlıqla ölkəmizə daxil olur...
- Çünki himayə olunur. Adicə gedib xarici ölkədən 500 dollarlıq nə isə gətirirsən, 4-5 orqanın nəzarətindən keçməli olursan, çətinliklə. Bu qədər qadağan olunmuş narkotik ölkəyə gəlirsə, deməli, himayə olunur. Deməli, bu prosesi himayə edən şəxslər var. Himayəçilik olmasa, narkotiki ölkə sərhədlərindən içəri keçirmək, ölkənin içində paylamaq mümkün deyil.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az