İnanılmaz fırıldaq: ağdamlı misi qızıl adına satdı - 15 min manata

Füzuli rayon sakininə mis külçəsini qızıl adı ilə satıb 15 min manatını ələ keçirən Ağdam rayon Seyidli kənd sakini, 1992-ci il təvəllüdlü Mütalib Hümmətov barəsində cinayət işi açılıb.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl İlham adlı şəxs polisə müraciət edərək dələduzluq yolu ilə 15 min manat pulunun alındığını bildirib.

O, qeyd edib ki, 24 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində Mütaliblə görüşüb. Mütalib qızıl külçəsi olduğunu bildirdiyi və üzərində sertifikat möhürü olan 453 qram kütləli, düzbucaqlı formalı, sarı rəngli metal külçəsinin saf qızıl olduğunu bildirib və buna görə 18 min manat tələb edib. Onlar 15 min manata razılaşıblar və İlham Mütalibə pulu yerindəcə ödəyib. Lakin bir neçə gün sonra metalın qızıl külçəsi deyil, mis olması müəyyənləşib. İlham Mütalibdən pulunu tələb etsə də, o, bu işdə başqa adamlarında olduğunu deyərək aldığı pulları geri qaytarmayıb.

Barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə iş açılan Mütalib Hümmətov bildirib ki, qızıl adı ilə satdığı külçəni Füzuli rayonu ərazisində metal qırıntıları toplayarkən tapıb.

O, aldığı pulları artıq qaytardığını bildirib.

Cinayət işinin materialları bir müddət öncə Füzuli rayon Məhkəməsinə daxil olub və dekabrın 18-də Mütlaibə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 31 yaşlı şəxsin bədəninə elektron qolbaq yerləşdirilib. Ona qarşı gecə saatlarında yaşadığı evi tərk etməməsi, yaşayış ünvanını tərk etməməsi və sair kimi məhdudiyyətlər tətbiq edilib.