Hökumət və narkobandalar "narkotikdən gələn pul" üstündə mübarizə edir - HÖKUMƏT NARKOTİKİ NİYƏ LEQALLAŞDIRIR?

Dünən Almaniyada marixuananın qismən leqallaşdırılması ilə bağlı qanun qüvvəyə mindi. Qanuna görə, yetkinlik yaşına çatmış şəxslər evdə çətənənin üç kolunu əkib-becərə bilərlər, həmçinin şəxsi istifadə üçün 50 qrama qədər marixuna saxlaya bilərlər. İctimai yerlərə isə üstündə 25 qrama qədər çətənə götürməyə icazə verilir.

Lakin iyulun 1-dən daha çox əylənəcəli olacaq, çünki onlara 500 nəfərə qədər qrup şəklində çətənə becərilməsi üçün xüsusi klublar yaratmağa icazə veriləcək. Klub üzvləri birlikdə çətənə yetişdirə və hər klub üzvünə ayda 50 qram çətənə verə biləcəklər.

Amma narkotik istifadəsinin ağuşuna aldığı Avropanın durumunu göz önünə gətirdikdə, elə təəssürat yaranır ki, burada məqsəd o qədər də məsum deyil. Latın Amerikasından “səfərə çıxan” və Antverpen, Rotterdam limanlarından Avropaya varid olan narkotik yükü meydan sulayır. Əlbəttə ki, bu narkotik yükü səfərləri qeyri-leqal şəkildə qoca qitəyə qədəm qoyur. Bu narkotikin bazarlardan alıcısına çatması, realizasiya olunmasının qarşısının alınması qeyri-mümkündür. Hətta iş o yerə çatıb ki, şəhərlərdə və limanlarda meydan sulayan narkotik tacirlərinə qarşı mübarizə planı təklif edən Belçikanın ədliyyə naziri onu oğurlayıb cəzalandırmaq istəyən narkobandalardan canını güclə qurtarıb. Hakimiyyət də daxil olmaqla hər kəs birağızdan narkotik pandemiyasına qarşı mübarizənin perspektivsiz olduğunu bildirir.

Dediyimiz kimi, vəziyyətin çıxılmaz olduğunu deyən Almaniya hökuməti çözüm yolunu marixuananı leqallaşdırmaqda gördü, amma bunu qara bazar və pis narkotik satıcıları ilə mübarizə adı altında edir. Almaniyanın səhiyyə naziri Karl Lauterbax acınacaqlı şəkildə bildirir ki, marixuana istehlakı son illərdə kəskin şəkildə artıb, ona görə də bütün proses yenidən nəzərdən keçirilməli və qara bazarla mübarizə aparılmalıdır. Fakt budur ki, Lauterbaxın etiraf etdiyi ki, leqallaşdırma narkotik istifadəsinin qarşısını almaq üçün yox, qara bazarın qarşısını almaq üçün edildi. Avropanın narkoqovşaq məntəqələrinin necə çiçəkləndiyini, qara bazarda nə qədər narkotikin “fırlandığı”nı nəzərə alsaq, təsəvvür edə bilərik ki, hansı vəsaitdən söhbət gedir. Bu milyardlarla avrodur.   

Xatırladaq ki, bir müddət əvvəl Amsterdam meri də kokainin dekriminallaşdırılmasını və tənzimlənən narkotik bazarının yaradılmasını təklif etmişdi. Təbii ki, narkobandaların əlindən qara bazarda fırlananan narkotik pulunu almaq üçün, vətəndaşların sağlamlığının keşiyində durmaq üçün yox…

Stopnarkotik.az