Fələstinin HƏMAS hərəkatı Rusiya pasportu olan iki israilli girovu azad etməyib.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, hərəkatın Siyasi Bürosunun üzvü Əbu Mərzuk BBC-yə müsahibəsində bildirib ki, onlar yalnız İsrail hərbi əməliyyatları dayandıracağı təqdirdə azad olunacaqlar. Bundan sonra qruplaşma girovları Qırmızı Xaça təhvil verəcək.
Qəzzada rusiyalı girovların sayı ilə bağlı məlumatlar fərqlidir: Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov onların üç nəfər olduğunu iddia edib, Mərzuk Rusiya mətbuatına Rusiyanın səkkiz vətəndaşın yerini müəyyənləşdirmək xahişi ilə sorğu göndərdiyini deyib. Digər girovların taleyi ilə bağlı suala cavab olaraq Mərzuk onların azad ediləcəyinə əminlik verib, lakin bunun baş verməsi üçün döyüş əməliyyatlarının dayandırılmasının vacibliyini vurğulayıb.
Əbu Mərzuk və HƏMAS-ın digər nümayəndələri bundan əvvəl oktyabrın 26-da Moskvada rusiyalı diplomatlarla girovların taleyini müzakirə ediblər.
"Məsləhətləşmələr Qəzza zolağında əcnəbi girovların dərhal azad edilməsi ilə bağlı Rusiyanın mövqeyinə uyğun olaraq aparılıb. Rusiya və digər əcnəbi vətəndaşların Fələstin anklavından təxliyəsinin təmin edilməsi ilə bağlı məsələlər də müzakirə edilib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"The Wall Street Journal” oktyabrın 21-də yazıb ki, ABŞ, İsrail və Qətər də 50 girovun azad edilməsi üçün HƏMAS-la danışıqlar aparmağa çalışıb, lakin buna nail ola bilməyiblər. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken HƏMAS-dan bütün girovları heç bir şərt olmadan azad etməyi tələb edib və girov götürülən insanların geri qaytarılması üçün birgə fəaliyyətə hazır olduğunu vurğulayıb.
HƏMAS 200-dən çox israilli və onlarla əcnəbini girov saxladığını iddia edir. Onlar İsrailin quru əməliyyatlarından imtinasını danışıqların əsas şərtlərindən biri adlandırırlar. İsrailin məlumatına görə, Qəzzada 240-a yaxın girov saxlanılır, onlardan bəzilərinin ikili vətəndaşlığı var.