Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Stopnarkotik.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, "Kosmik Agentlik tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.
Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.