Həbsxanalarda narkotik vasitələrin dövriyyəsi... - DÜNYADA VƏ AZƏRBAYCANDA BU PROBLEM NECƏ HƏLL OLUNUR...

Həbsxanalara narkotikin ayaq açması və sözün əsl mənasında “narkotk dövriyyəsi” mövzusuna bir neçə dəfə toxunmuşuq. Azərbaycanda bu məsələ ölkə gündəminin başlıca mövzularından biri olmalıdır.

Əlbəttə, bu problemə, yəni narkotikin həbsxanalardakı dövriyyəsinə təkcə bizim ölkəmizdə rast gəlinmir. Avropanın narkotiki çoxdan leqallaşdımış ölkəsi olan Hollandiyada da bu problem aktualdır.

Belə ki, bu ölkənin gündəmində “Trimbos İnstitutu” poçt vasitəsilə Hollandiya həbsxanalarına gətirilən sintetik narkotikin istifadəsindən narahatçılığını açıqlayıb. Qurum bildirir ki, sintetik kannabinoidlərin istifadəsi xarici həbsxanalarda çoxdan müşahidə olunur.

“Trimbos İnstitutu” keçən il Ter-Apeldəki "Avropa Penitensiar Zərərin Azaldılması Şəbəkəsi" ilə araşdırma aparıb. Araşdırma əsnasında laboratoriyalarda hazırlanmış sintetik konstruktor narkotiklər həbsxana kameralarında aşkar edilib və bunlar əməkdaşlarla, məhbuslarla söhbətlərdə də qeyd olunub.

Sintetik narotikin təsiri

Bu sintetik narkotikin istifadəsi həyat üçün təhlükə yarada bilər, çünki intoksikasiyanın gücü və təsir müddəti çox fərqli ola bilər. Sintetik narkotiklərin istifadəsində doza həddi aşılanda, bu, həyati təhlükəsi olan təsirlərə səbəb ola bilər.

“Dozanı tənziləmək çətindir. Çünki məhbus olduğuna görə, nə alacağını bilmirsən. Bəzən bu təsirsiz ötüşə bilər, bəzənsə bu istifadəçi üçün çox pis qurtara bilər”, - deyə “NOS Radio 1 jurnal” nəşrində “Trimbos İnstitutu”nun narkotik üzrə eksperti Daan van der Qouve açıqlayır.

Sintetik narkotiklərin nə dərəcədə yayğın istifadə edildiyi barədə çox az şey məlumdur, lakin araşdırmalar göstərir ki, bu təbii çətənə və alkoqoldan sonra ən çox istifadə edilən ikinci maddədir. Sintetik narkotiki aşkarlamaq çətənə və ya kokaindən daha çətindir. Çünki sidik analizi sintetik narkotikdən istifadəni üzə çıxarmır.

Stopnarkotik.az