Gürcüstan polisi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində martın 17-dən aprelin 25-dək 78 nəfəri saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, Azərbaycan, İran, Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Malayziya və Belarus vətəndaşları da var.
Həbs olunanların əksəriyyəti narkotik satmaqda ittiham olunur. Son həbs iki nəfərin həbs olunduğu Şida Kartli bölgəsində həyata keçirilib və orada kokain, metadon, subuteks, ekstazi, tramadol və lirika aşkar edilib.
İttihamları təsdiqləmək üçün polis narkotiklərin bir neçə sınaq alışı həyata keçirib. Həbs edilənləri qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, satışı və satışına cəhddə görə 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Narkotiklərlə bağlı cinayətlərə görə aktiv həbslər ölkədə narkotik siyasətinin sərtləşdirilməsinə, cinayət və inzibati cəza müddətlərinin dəyişdirilməsinə yönəlmiş səkkiz qanuna düzəlişlərin Gürcüstan parlamentinə təqdim edilməsindən sonra başlayıb.
Qəbul edilmiş dəyişikliklərə əsasən, narkotiklərin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarlıq, reketlik və “oğru dünyası” ilə yanaşı, dövlətin xüsusi nəzarətində olan cinayətlər siyahısına daxil edilib. Narkotik alverçilərinin və onların qohumlarının cinayət yolu ilə əldə etdikləri əmlak isə dövlətin xeyrinə müsadirə olunacaq.
Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə cəzalar sərtləşdirilir.
Stopnarkotik.az