Gömrük əməkdaşları qəzaya düşdü: ölən və xəsarət alanlar var - YENİLƏNİB

İyulun 1-də saat 08:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

***09:53

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.