Gəncədə nənə nəvələrini küçəyə atdı - ANALARI NARKOTİK ALUDƏÇİSİDİR... / YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə azyaşlıların küçəyə atılması ilə bağlı araşdırmalara başlayıb.

Dövlət Komitəsindən bildirilib ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb.

Qeyd olunub ki, uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb: "Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.

Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - qurumdan bildirilib.

***09:32

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

***08:48

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.