Gəncədə bir ailənin beş üzvü qidadan zəhərləndi - YENİLƏNİB

"Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb".

Bu məlumat Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

***10:19

Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 

***09:15

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. 

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə  Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.