Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.
Stopnarkotik.az xəbər verir ki, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir.
Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyin edilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.
Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.