“Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin bitərəf olması lazımdır. Çünki bunlar güclü blokdur”.
Stopnarkotik.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Modern.az”a müsahibəsində deyib.
Eks-nazir XİN rəhbərləri ilə münasibəti barədə danışıb: “Yavaş-yavaş aşağıya doğru getdi. Amma yazışdığım nazirlər var. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, mesaj göndərim, ən azı bir çay içək. Amma 4 ildə hələ Moskvaya getməmişəm, bu yaxınlarda bir tədbirlə bağlı getməyi planlaşdırıram”.
E. Məmmədyarov övladlarının illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərə də münasibət bildirib: “Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı 5 kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerikandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?”