Ermənistan Türkiyə ilə sərhəddə gömrük postunun tikintisinə hazırlaşır

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə Marqara gömrük-keçid məntəqəsinin tikintisi məqsədilə “Arbak and Sons” MMC ilə layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalayıb.

Ermənistan KİV-nin məlumatına görə, müqavilənin dəyəri təxminən 28,3 milyon dram (təxminən 118,4 min manat) təşkil edir.

Bildirilir ki, tikintinin ümumi dəyəri zəruri avadanlıqlarla birlikdə 732,8 milyon dram (təxminən 3 milyon manat) təşkil edəcək.

Layihəyə əsasən, birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki pavilyon, növbənin istirahəti üçün iki pavilyon, gömrük baxışı üçün birmərtəbəli korpus, dayanacaqlar, meydançalar, daxili yollar, iki keçid məntəqəsi və birmərtəbəli anbarın tikintisi nəzərdə tutulub.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. Lakin bu il ölkələr arasında razılıq əldə olunub ki, buna da əsasən, Ermənistan-Türkiyə sərhədinin bu ilin yayına kimi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır.