Ermənipərəst senator Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb.
Stopnarkotik.az trend-ə istinadən bildirir ki, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittiham irəli sürülməyib.
Qəzanı törədən avtomobilin sükanı arxasında senator Robert Menendesin gələcək həyat yoldaşı Nadin Arslanyan əyləşmişdi.
Daha sonra o, polisə yola çıxan şəxsi görmədiyini bildirib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Berqen Dairəsinin Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarında tapılıb və tanınmaz halda olub.
Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendes) "günahsız" olduğu qənaətinə gəlib. Ona qarşı heç bir ittiham irəli sürülmədən buraxılıb.
"Həmin axşam baş verənlər barədə uzun illər ərzində xəbər verilməyib, bu da öz növbəsində şahidlər və R.Koopun ailəsi tərəfindən ölümcül hadisənin qəsdən gizlədildiyi barədə şübhə yaradıb. Ancaq indi təxminən beş il sonra epizod Amerika siyasətini sarsıdan qalmaqala yeni bir ölçü əlavə edir. Və bu qalmaqalın mərkəzində olan senatorla bağlı yeni suallar doğurur", - məqalədə vurğulanıb.
Vurğulanıb ki, bəzi faktlar bu cinayətin polis tərəfindən ört-basdır edildiyini deməyə əsas verir. Belə ki, polisin verdiyi məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki qəbul etməsi ilə bağlı yoxlanılmayıb və R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir müddət əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.
Qeyd edək ki, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir. O, hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. Məlumatda o da qeyd olunur ki, 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələr ona Fred Daibes adlı tərtibatçı tərəfindən verilib. Bundan başqa, Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün 10 illik mümkün həbs cəzasından yaxa qurtarmaq məqsədilə Menendezə rüşvət verib.
Xatırladaq ki, erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Menendez 13 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib.