"Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdı" - XAÇATRYANIN MƏHKƏMƏSİ / YENİLƏNİB - 2

Bibim küçədə yaralı qalmışdı, ermənilər bizi atəşə tutduğuna görə onu evə sala bilmirdik.

Bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Mehralıyev Elnarə deyib.

"Meşəli kəndinə hücum zamanı biz canımızı xilas etmək üçün qaçırdıq. Qaçdığımız zaman ermənilər bizi atəşə tuturdular, qaçan zaman bizdən bir neçə nəfər də şəhid oldu", - deyə o əlavə edib.

“Məşəli kəndi işğal olunan zaman 10 yaşım var idi. Mən xatırlayıram ki, ermənilər bizim kəndə hücum edir, azərbaycanlıları öldürür, bizi evlərimizdən didərgin salmağa çalışırdılar. Dekabrın 23-də nənəm və bibim məni yuxudan qaldırdı. Onlar dedilər ki, ermənilər Meşəliyə hücum ediblər”, - E.Mehralıyeva qeyd edib.

O vurğulayıb ki, ermənilər evi atəşə tutduğu üçün çıxmaq mümkün deyildi:

“Mən ayağımdan və əlimdən, bibim isə belindən yaralandı. Biz üzərimizə yorğan-döşək tökmüşdük ki, güllədən qorunaq. Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar. Biz oradan çətinliklə uzaqlaşa bildik”.

 

***11:12

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

Ccinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin istintaqda verdiyi ifadələr elan edilir.

3 zərərçəkmiş şəxs üzürlü səbəbdən ifadə üçün prosesə gələ bilməyiblər. Onlar məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiqləyiblər. Hazırda həmin ifadə elan edilir.

***09:17

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Ötən proseslərində məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.