Ermənistanda hərbçi Azərbaycanın xüsusi xidmət orqanlarına dövlət əhəmiyyətli məlumatların ötürülməsində ittiham edilir.
Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Bildirilir ki, İrəvan sakini olan 43 yaşlı kiçik çavuş rütbəli hərbçi 2023-cü ilin yanvarından “odnoklassniki” sosial şəbəkəsi vasitəsilə ölkəyə aid məlumatları qarşı tərəfə ötürüb. Qarşı tərəfin feyk hesabla onunla ünsiyyətdə olduğu qeyd olunub:
“Erməni hərbçi “sevgi mesajları” nəticəsində və ünsiyyətin davam etdirilməsi üçün xidməti və dövlət sirri təşkil edən bir sıra məlumatları toplayıb və həmin şəxsə ötürüb. Onun bu fəaliyyətləri Ermənistanın suverenliyinə, ərazi toxunulmazlığına və təhlükəsizliyinə böyük zərbə vurub”.
Sözügedən hərbçi dövlətə xəyanətdə ittiham edilərək həbs edilib. Hazırda istintaq davam etdirilir.