BMT-nin illik narkotik hesabatı quru statistika çərçivəsini çoxdan üstələyib. 2025-ci il üçün açıqlanan hesabat təkcə narkobazarı təhlil etmir, həm də mürəkkəb, çoxqatlı mənzərə yaradır.
Hesabatda bildirilir ki, narkotiklər dünyası yerində dayanmır - böyüyür, formasını dəyişir və daim yeniliklərə uyğunlaşır. Onun təsiri dövlətlərin sosial-iqtisadi strukturlarına metastaz verən şiş kimidir.
İlk dəfə hesabatın ayrıca fəsli tamamilə fərdi yox, bütün ailələr, icmalar və bütövlükdə ölkələr üçün dağıdıcı nəticələrə həsr olunub.
Hesabatın əsas mesajı həyəcanverici səslənir: psixi sağlamlığın pisləşməsi və artan sosial bərabərsizlik fonunda narkotikə təlabat artır. Səbəb psixi sağlamlığı pisləşən insanların təskinlik tapması, sakitləşməsi üçün narkotkə üz tutmasıdır. Eyni zamanda, narkobiznesdən gələn tədarük getdikcə təkmilləşir və uyğunlaşır. Narkotikə təlabatın artması və narkobiznes birlikdə qeyri-sabitlik spiralını tətikləyir, dünya nizamını pozurlar.
Hesabatda əsas qlobal tendensiyalar belədir:
1. Narkotik istehlakı əhali artımını üstələyərək artıb:
2023-cü ilə qədər təxminən 316 milyon insan (hər 25-ci yetkin adam) narkotik istifadə edib ki, bu da on il əvvəlki rəqəmlərdən xeyli yüksəkdir. Bu, təkcə əhalinin artımından deyil, həm də narkotik istifadəsinə cəlbetmə səviyyəsinin yüksəlməsindən xəbər verir. Birinci yerdə kannabis (244 milyon), sonra opioidlər (61 milyon), amfetaminlər (31 milyon), kokain (25 milyon) və MDMA (21 milyon) gəlir. Narkotik tələbatının dəhşətli həcmi “qara bazar”ı bəsləyir, buradan da dövlətlərin təməllərini sarsıdan korrupsiya və kriminal şəbəkələr kök atır.

2. Kokain istehsalında kəskin artım
2023-cü il rekord kokain istehsalı göstəricisi ilə yadda qaldı - 3708 ton qeyri-leqal istehsal edilən kokain, əvvəlki illə müqayisədə 34% çoxdur. Bu sıçrayışa əsas töhfə Kolumbiyada plantasiyaların genişləndirilməsi oldu. Bu dalğa bütün dünyanı bürüdü: kokain müsadirələrinin sayı, paralel olaraq da məxfi xidmət orqanlarının yükü artdı. Bu da daha çox ölüm, daha çox narkoman dalğası gətirdi. Avropa əsas bazar olaraq qalır, lakin Asiya və Afrikanın da rolu artacaq, çünki iki qitədə yeni narkomarşrutlar və istehlakçı təbəqəsinin meydana çıxır.
3. Tiryəkin dövrü bitir, amma sintetik narkotiklər yoldadır
2022-ci ilin yazında Əfqanıstanda Taliban tərəfindən tətbiq edilən xaşxaş qadağası tiryək istehsalını 95% azaldıb. Əfqanıstanın yerinə Myanma əsas təchizatçı rolunu öz üzərinə götürsə də, qlobal tənəzzül artıq bazarlarda boşluq yaradıb. Bu boşluqsa daha ölümcül olan sintetik opioidlərlə doldurulur. Əfqan tiryək ehtiyatları (təxminən 13200 ton) 2026-cı ilə qədər dünyanı təmin edəcək, lakin bu, yalnız bir müddətlikdir.
4. Sintetik maddələrin sürətlə tüğyan etməsi
Sintetika bazarı yeni əraziləri ələ keçirməyə davam edir: Amfetaminlər və metamfetaminlər 2023-cü ildə bütün müsadirələrin demək olar ki, yarısını təşkil edib. Onların istehsalı xüsusi iqlim şəraiti tələb etmir və asanlıqla genişləndirilə bilir.
Nitazen - yeni güclü sintetik opioiddir, ilkin olaraq tibbi məqsədlər üçün hazırlanmışdır, lakin sonradan “yer altı”na düşüb. Nitazen Şimali Amerika, Avropa və Okeaniyada yüzlərlə insanın həyatına son qoyub.
Suriya və Livanda fəal şəkildə istehsal olunan Captagon, qeyri-leqal silahlı qrupların maliyyələşdirilməsinə gedir və Yaxın Şərq regionuna zərbə vurur.
Ekoloji və sosial xərclər - zəhərlənmiş təbiət
Narkotik istehsalı ekoloji fəlakətdir. Kokain istehsal etmək məqsədilə koka kolu əkilir və bunun üçün meşələr kəsilir, torpaqlar vəhşicəsinə istismar edilərək bərbad vəziyyətə salınır, zəhərli tullantılar suyu çirkləndirir. Avropada amfetaminlərin gizli istehsalı vaxtı böyük miqyasda tullantı əmələ gəlir-1 kq amfetamin istehsal etmək üçün 20 kq-a qədər kimyəvi tullantı ortaya çıxır. Hollandiyada bir poliqonun utilizasiyası milyonlarla avroya başa gəlir. Hətta qanuni kannabis plantasiyaları da yüksək enerji sərfiyyatı səbəbindən zərər verir.

Qanun və bərabərsizlik
Kanada və ABŞ kimi bəzi ölkələr çətənəni leqallaşdırsa da, bunun gözlənilməz nəticələri meydana çıxıb. Belə ki, gənclər leqallaşdırılan çətənə ilə kifayətlənmirlər, yüksək THC tərkibli məhsullara, yəni daha güclü təsirli narkotiklərə maraq göstərirlər. Eyni zamanda, hüquq-mühafizə orqanları narkotiki saxlama halları olan işlərə resursları xərcləməyə davam edir, baxmayaraq ki, bu, yalnız marginallaşmanın artmasına gətirib çıxarır. 2023-cü ildə belə hallarla bağlı 6,1 milyon polis işləri oldu. Yəni müəyyən miqdar marixuananı üstündə gəzdirmək icazəsi olduğu üçün polis bu şəxslərə qarşı heç nə edə bilmədi.
Daha dəhşətlisi odur ki, asılılıqdan əziyyət çəkən 64 milyon insanın əksəriyyəti yardım almır. 12 asılıdan yalnız 1-i müalicə alır, eləcə də 18 qadından biri müalicə olur. Afrikada reabilitasiyaya çıxış acınacaqlıdır - 3%, Avropada isə bu 27%-dir.
Eləcə də Ukraynadakı müharibə dönüş nöqtəsinə çevrildi. Ölkə tranzit məntəqəsindən ciddi sintetik məhsul istehsalçısına çevrilib:
Yeni marşrutlar: ənənəvi narkotik ticarəti kanalları məhv edilib, narkobiznes özünə Qərbi Ukraynadan trafik yolu açıb.
Metadon bumu: gizli amfetamin laboratoriyalarının sayı 2019-cu ildəki 17 idisə, 2023-cü ildə 102-yə çatdı. Oyuna “Ximprom” kimi mütəşəkkil cinayət qrupları daxil oldu.
Ekoloji və epidemioloji ziyan
Ukrayna istehlakçılar arasında QİÇS-in yayılmasına görə liderdir (25,5%). Sintetik maddələr sayəsində ətraf mühitin çirklənməsi Belçika və Hollandiya ilə müqayisə oluna bilər - üç ölkə Avropada narkotik istehsalına görə kimyəvi tullantıların 99%-nə cavabdehdir.
Son çarə: yırtıqları yamaqmaqdan qabaqlayıcı strategiyaya keçid
BMT hesabatında açıq şəkildə deyilir ki, vəziyyət nəzarətdən çıxır, yanaşmaları dəyişmək lazımdır. Hüquq-mühafizə orqanları hədəfə kiçik istehlakçıları deyil, logistika və cinayət şəbəkələrinin beyin mərkəzlərini almalıdır.
İnsanlar investisiya kimidir - müalicə və profilaktikaya çıxış kütləvi və könüllü olmalıdır. Xüsusilə gənclər və münaqişə bölgələrinin sakinləri üçün.
Ətraf mühitin mühafizəsi - ekoloji qanunvericiliyi sərtləşdirmək, monitorinq tətbiq etmək və müsdirə olunan aktivlər hesabına dəymiş ziyanı ödəmək.
Beynəlxalq tərəfdaşlıq - heç bir ölkə təkbaşına bunun öhdəsindən gələ bilməz. Koordinasiya, təcrübə mübadiləsi və davamlı maliyyələşdirmə nəticələrlə deyil, narkoticarətin köklü səbəblərlə mübarizə üçün əsas olmalıdır.
Nəticədə, 2025-ci il bizim üçün elə bir başlanğıc nöqtəsi olmalıdır ki, artıq sağlam düşüncə ilə elmin populizm və qorxulardan üstün olduğu sistemli və humanist narkotik siyasətinə doğru işə keçməliyik.
Stopnarkotik.az