Dubayda saxlanılan azərbaycanlılar Vətənə qayıdır

Afrikalı uşaqla şəkil çəkdirdikləri üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar.

Stopnarkotik.az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı məlumat paylaşıb.

Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək, ölkədən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüblər:

“Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına zəng edərək Komitəyə, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova və diaspor fəalı Səbinə Səfərovaya, ümumilikdə BƏƏ-dəki soydaşlarımıza göstərdikləri maddi, mənəvi dəstək və hüquqi yardıma görə təşəkkürlərini ifadə ediblər”.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında hər iki şəxs “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdikdən sonra bu hərəkətlərinə görə saxlanılıblar.