Dostunu yeyən şəxs 10 il sonra ələ keçdi - BİRGƏ QIZIL AXTARMAĞA GETMİŞDİLƏR, AMMA... / FOTO

Rusiyanın Saratov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları dostunu döyərək öldürməkdə təqsirli bilinən vətəndaşı saxlayıb.

Məhkəmə həmin şəxsə 10 il əvvəl hökm çıxarsa da, o, istintaqdan gizlənib və yalnız indi ələ keçib.

İstintaq və məhkəmənin məlumatına görə, 2012-ci ildə Aleksey Qorulenko dostları ilə Yakutiya və Amur vilayətində tayqada qızıl axtarışına çıxıb. Gəzinti zamanı bir iştirakçı itkin düşüb, ikincisi isə Qorulenko tərəfindən döyülərək öldürülüb. Müəyyən edilib ki, döyülərək öldürülən şəxs Qorulenko tərəfindən yeyilib.

2014-cü ildə Neryunqri məhkəməsi Qorulenkonu sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilib, onu üç il şərti həbs cəzasına məhkum edib. Daha sonra Yakutiya Ali Məhkəməsi hökmə yenidən baxaraq, ona 12 il müddətinə ciddi rejimli koloniya cəzası verib. Cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəməyə gəlməyib və axtarışa verilib.

Bildirilir ki, məhkum martın 11-də Yeremeyevka rayonunun Saratov kəndində qohumunun yanına gələrkən saxlanılıb. Federal Penitensiar Xidmətin məlumatına görə, əvvəlki illərdə vətəndaş Rusiyanın müxtəlif regionlarında tərk edilmiş evlərdə gizlənib. Hazırda saxlanılan şəxs istintaq təcridxanasına göndərilib, daha sonra isə koloniyaya köçürüləcək.

Mənbə: mk.ru