Dmanisinin keçmiş merinə silahlı hücum: avtomobili güllələndi

Gürcüstanın Dmanisi munisipalitetinin keçmiş meri Giorgi Tatuaşvili avtomobilində silahlı hücuma məruz qalıb.

Bu barədə sabiq mer yerli KİV-ə açıqlamasında bildirib. O, insidentin şəxsi avtomobili ilə Tbilisidən Dmanisiyə hərəkət edərkən baş verdiyini bildirib. Əlavə edib ki, hücum zamanı avtomobilinə 5 güllə dəyib.

Giorgi Tatuaşvili insidentin siyasi fəaliyyətinə görə baş verdiyini bildirib və buna görə hakim "Gürcü Arzusu" partiyasının nümayəndələrini ittiham edib.

Sabiq merin hücum zamanı avtomobilində tək olduğu, polisin hadisəni araşdırdığı bildirilir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda hakim partiyadan kənarlaşdırılmış Tatuaşvili daha sonra müxalif "Vahid Milli Hərəkat" partiyası tərəfindən Dmanisi meri vəzifəsinə namizəd göstərilib./apa