Ceyhun Tağıyev Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Stopnarkotik.az-ın məlumatına görə, Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Ceyhun Tağıyev 1979-cu ildə anadan olub. Hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.
Ceyhun Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.