“Dəhşətli bir pandemiyanın olması proqnozlaşdırılır” - XƏBƏRDARLIQ

“Virusun kimlərsə tərəfindən məqsədyönlü şəkildə yayılıb bəşəriyyətə ötürülməsi ciddi bir ittihamdır və buna ciddi əsaslar olmalıdır. Mən hesab edirəm ki, məsələni bu şəkildə qoymaq düzgün deyil”.

Stopnarkotik.az xəbər verir ki, bu fikirləri musavat.com-a tanınmış həkim, professor Adil Qeybulla bildirib.

“O ki qaldı virusun təsadüfən hər hansı bir laboratoriyada, laboratoriya işçilərinin ehtiyatsızlığı səbəbindən ətrafa yayılması versiyasına, hər halda bu, müəyyən ehtimal olunan versiyadır. Mən düşünürəm ki, əslində koronavirus pandemiyasının olması gözlənilən idi. Niyə? Ona görə ki, koronavirus keçən əsrin 60-cı illərində heyvanlardan insanlara transfer edilib, bu, heyvani mənşəli virusdur, zoontrop virusdur və insanlara transfer edəndən sonra ötən əsrin sonuna yaxın bir neçə performans göstərib. SARS-1 Honkonqda min nəfərə yaxın insan tələfatına gətirib çıxardı. Sonra MERS, yəni Orta Şərq Respirator Sindromu virusu ortaya çıxdı. Bu da koronavirusun bir növü idi.

Ondan sonra SARS-2 peyda oldu və SARS-2 də qlobal bir pandemiya yaratdı. Nəzərə almaq lazımdır ki, istənilən RNT daşıyıcı viruslar mutasiyaya uğradığına görə istənilən keyfiyyəti əldə edə bilər. Yəni çox yoluxuculuq, geniş yayılma, kontagiozluq, öldürücülük təsiri və s.”, - deyə həkim əlavə edib.

Adil Qeybulla qeyd edib ki, koronovirus hava-damcı yolu ilə yayıldığına görə qlobal pandemiya törədib:

“Məsələn, Ümumdünya Səhiyyə Təşkilatına görə, insan sağlamlığını təhdid edən 10 amildən biri bizi qarşıda gözləyən qrip virusu və onun pandemiyasıdır. Qrip hər il yeni bir ştamla peyda olur. Amma nə vaxtsa dəhşətli bir pandemiyanın olması proqnozdaşdırılır, misal üçün, ispan qripi şəklində. Ona görə də bu koronovirus pandemiyasının olması əslində proqnozlaşdırılan idi. Bütün bunların hamısı sonda həddən artıq insan artımına gəlib çıxır. İnsanlar artdıqca faunanı, floranı məhv edir. Heyvanlarda olan viruslar insanlara transfer edir və nəticədə də bu vəziyyət yaranmış olur. Bu, sanki təbiətin öz-özünü tənzimləməsidir.

Hətta laboratoriyada olub və oradan yayılması versiyası belə istənilən halda gəlib buna çıxır. Hesab edirəm ki, yaşadığımız planetdəki yerimizə, mövqeyimizə, münasibətlər sisteminə - hər şeyə yenidən baxmalıyıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, yer kürəsində istilik tənzimləyən mexanizmlərin pozulması, digər tərəfdən kütləvi insan artımı və onların fəaliyyəti nəticəsində bir az da bu prosesə təkan verilməsi yer kürəsini faciələrə doğru aparıb. Biz bunu dərk etməliyik”.

Qeyd edək ki, ABŞ Konqresi 1,1 milyon ölkə vətəndaşının həyatına son qoyan COVID-19 pandemiyasının səbəbləri ilə bağlı araşdırmanı başa çatdırıb. 520 səhifəlik hesabat Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin epidemiyanın vəziyyətini öyrənən alt komitələrindən biri tərəfindən təqdim edilib.

İki illik araşdırmadan sonra konqresmenlər virusun böyük ehtimalla laboratoriya mənşəli olduğu qənaətinə gəliblər. Komissiyanın sədri Bred Uenstrup Konqresə göndərdiyi məktubda “Bu iş Birləşmiş Ştatlara və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, hazırlamağa, ondan qorumağa və inşallah qarşısını almağa kömək edəcək” deyib.

Hesabatda həmçinin vurğulanır ki, SARS-CoV-2 (COVID-19) çox güman ki, Uhan Virusologiya İnstitutundakı (Çin) “laboratoriya və ya tədqiqat”dan sızma nəticəsində ortaya çıxıb. Virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu deyilir.

AFP-nin xəbərinə görə, hesabatda habelə bildirilir ki, ABŞ Milli Səhiyyə İnstitutu virusların “funksiyasını əldə etmək” - onlarla mübarizə yollarını müəyyən etmək üçün institutda mübahisəli tədqiqatları maliyyələşdirib.

“Laboratoriyadakı tədqiqatçılar SARS-CoV-2-yə bənzər bir virusa 2019-cu ilin payızında, qida bazarında aşkar edilməmişdən bir neçə ay əvvəl yoluxublar”, - hesabatda vurğulanır.