Emil Maqalov: “Prezidentin sərəncamı onu göstərir ki, dövlət narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da sərtləşdirəcək”
Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 2025-2030-cu illər üçün Dövlət Proqrami sentyabrn 17-də prezident İlham Əliyev tərəfindən təsdiqləndi. Sözsüz ki, bu proqramın təsdiqi indiki ərəfədə olduqca mühüm əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, ölkəmizdə narkomaniyanın əhatə dairəsi getdikcə genişlənir. Bəs, bu proqram problemin həllinə nə kimi töhfə verə bilər və icraat prosesində hansı nüansların qabardılması yerinə düşər? Bu və digər suallara aydınlıq gətirmək üçün narkoekspert Emil Maqalovla söhbətləşdik.
- Sentyabrın 17-də Prezident İlham Əliyev Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə dövlət proqramını təsdiqlədi. Növbəti 5 illik dönəmi əhatə edən proqramda bir çox önəmli məsələlər yer alır. Yəqin ki, siz də bu proqramla tanışsınız. İlk öncə bu proqramla bağlı fikirlərinizi bilmək istəyrdik…
- Bu sərəncam onu göstərir ki, dövlət narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da sərtləşdirəcək. Onsuz da bu mübarizə əvvəlkinə nisbətən gücləndirilmiş rejimdə gedirdi. İndi daha da güclənəcək. Bəzi yeniliklər etsək, narkotik satanları və narkomanları 2030-cu ildə 20%-ə qədər azalda biləcəyik.
- Dövlət proqramında hüquq mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi ilə yanaşı, maarfiçilik sahəsinin genişləndirilməsinə də mühüm yer verilir. Təbii ki, bunlar bir-birini tamamlayan amillərdir. Amma onu da nəzərə almalıyıq ki, ötən 5 illik dönəmdə bu istiqamətdə aparılan tədbirlər istər narkotik ticarətinin dövriyyəsinə, istər də narkomaniyanın genişlənməsinə ciddi töhfə vermədi. Əksinə, rəsmi statistik rəqəmlərə əsasən deyə bilərik ki, ölkəyə daxil olan narkotik vasitələrin həcmi və qeydiyyata alınan narkomanların sayı ilbəil artmaqdadır. Mövcud şərtlər daxilində növbəti 5 il ərzində bu sahədə mühüm nailiyyətlərin əldə olunacağına inanırsınızmı?
- Maarifləndirmə ümumiyyətlə səhvdir. AzTV-də də bu haqda danışmışam. Bir dəfə universitetdə təlimə gəlmişəm. Bir tədbirdə icra hakimiyyəti heyətindən, Dövlət Komissiyasindan, Təhsil Şöbəsindən şəxslər var idi. İcra hakimiyyətindən bir şəxs dedi ki, uşaqlar, mənim də qohumum narkoman olub. Uşaqlar da soruşdu ki, necə olub, müəllim? Cavab verdi ki, qohumum yolla getidiyi yerdə bir nəfər gətirib qoluna sprits batırıb, olub narkoman. O uşaqlar buna inanmadı, heç inanmaz da. Bax, maarifləndirmə budur, biabırçılıqdır.
Yaxud təlimlərdə statistik rəqəmlər səsləndirilir… Statistika o uşaqların nəyinə lazımdır?!
Mən çıxışa qalxıdm… Bu barədə video çıxışım da var. Hər şeyi açıq danışıram. Heç bir dövlət qurumu açıq danışmayacaq. Hətta tədbirdə teatr tamaşası da göstərdilər. Tamaşanın süjet xətti ondan ibarət idi ki, gənc universiteti bitirib, gedib işə düzəlməyə, onu işə götürməyiblər, o da gedib narkoman olub. Yəni bu o mesajı verməkdir ki, sən ali məktəbi bitirəndən sonra işə düzələ bilməsən narkoman olmalısan?! Burada bu siqnal verildi uşaqlara. Sonra həmin tamaşada hadisələr belə davam edir ki, gənc narkoman olandan sonra anası onun dərdindən ölür, evləri satılır, oğlan narkotiki tərgidir. Bu nə deməkdir? Anamız ölsün ki, biz narkoman olmayaq? Bunlar çox zərərli mesajlardır.
Sonra guya ki, bu oğlan sadəlövh, təmiz gənc idi, gəlib onu narkoman etdilər. Elə şey olmur, bunlar miflərdir. Adamın meyli olmasa, onu heç kim narkoman edə bilməz. Bu haqda çox danışdım. Guya yaxşı iş görmək istəyib, amma daha da pis edənlər çoxdur. Güc strukturları isə lazım olan adamlarla belə tədbirlərdə açıq danışmayacaqlar. Danışsa belə, ona inanmayacaqlar.
- Bəlkə heç güc strukturları əməkdaşları o təlimlərdə olmasa daha yaxşı olar? Uşaqlar çəkinəcəklərsə, qorxacaqlarsa, səmimi olmayacaqlarsa, güc strukturlarının əməkdaşları o təlimlərdə niyə olsunlar ki…?
- Bir universitetdə təlimdə rəhbərlik (rektor, prorektor) və bir polkovnik yuxarı başda oturmuşdular. Zalın tamaşaçı hissəsində də 300 nəfər tələbə oturmuşdu. Bir tələbə mənə qapıda sual verdi, ona dedim ki, gələrsən içəridə cavablandıraram. Universitetin rəhbərliyi təlimin mahiyyətindən uzaq şeylər danışdılar, statistikadan danışdılar, narkotikə aidiyyəti olan heç nədən danışmadılar. Orada ön cərgədə oturmuş gəncə dedim ki, mənə bayaq sual verdin, oğlan dedi ki, mən sənə sual–zad vermədim. Tədbirdən sonra səbəbini soruşanda dedi ki, mənə hamının yanında niyə elə sual verirsiniz, elə bilərlər narkomanam. Əgər doğrudan da təlim keçmək istəyirlərsə, uşaqlar kimə, hansı müəllimə etibar edirlərsə, həmin müəllimlə məni, lazımdırsa, bir hüquqşünası, bir psixoloqu təlimə çıxarısnlar. Sual olanda uşaqlar heç nədən qorxmadan sakitcə sual verib cavab alsınlar.
- Onda yerinə düşər ki, universitet rəhbərliyi də daxil olmaqla, hüquq-mühafizə qismindən şəxslər iştirak etməsinlər…
- Bəli. O tədbirlərə məktəbin “şefləri”, AUE-yə meylli uşaqlar, avtoritetlər, nüfuzlu şagirdlər, tələbələr cəlb olunmalıdır. Çünki, meylli onlardır və onların əlində güc var. Bayaq dediyim kimi, keçmişdə narkoman olan dünya çempionunu digərlərini çəkindirməkdə istifadə etdiyimiz kimi, bunlardan da istıfadə etmək lazımdır. Çünki bu nüfuzlu uşaqların əlində təsir gücü var, onların sözünə 10 nəfər başqa uşaqlar baxır. Sakit uşaq tədbirdən sonra çıxıb evinə gedəcək, onun təsir gücü, əhatə dairəsi və gücü də yoxdur. Amma küçədə və məktəbdə nüfuzu olan uşaq ətrafındakıları başına yığıb deyəcək ki, tədbirdə idim, belə söhbətlər olundu, onu müzakirə edəcəklər. Amma heç kəs də AUE-yə meylli “tərbiyəsiz uşağ”ı tədbirə gətirməyəcək, çünki o, tədbiri pozur. Çünki tədbirlərdə o uşaqların dilindən danışıb, maraqlandırmağı, profilaktik söhbətin mövzusuna cəlb etməyi bilənlər olmur.
Bir dəfə 250 şagirdin iştirak etdiyi tədbirdə məktəbin direktoru və digər rəsmi şəxslər danışırdı, heç kəs qulaq asmırdı. Auditoriyanı ələ almaq üçün onlara dedim ki, uşaqlar sizə AUE-lərdən danışmağa gəlmişəm, hər kəs diqqət kəsildi, auditoriya sakitcə dinlədi. Çünki heç kim AUE-lər haqda danışmayıb. Və uşaqlar da çox gözəl bilir ki, AUE nədir. İndiki uşaqlar oğruların hərəkətlərini Azərbaycan tarixindən yaxşı bilirlər. İstər-istəməz AUE mövzusu gənc nəsil üçün maraqlıdır. Dedim ki, Rövşən (Lənkəranski – red.) Sverdlovda 3 gün mənim evimdə qalıb, Quli də (Nadir Səlifov – red.) mənim bibim oğludur, hamısı diqqətlə qulaq asdılar. Bunu polis, yaxud rektor deyəcəkmi? O uşaqların öz dilindən danışmaq lazımdır. 200 nəfər 3 saat mənə qulaq asdılar. Yəni, uzun sözün qısası, tədbirlərin və təlimlərin keçirilməsi dəyişməlidir və seçilmiş QHT-lərlə işlənilməlidir.
- Bir narkoekspert və mütəmadi olaraq narkomanlarla ünsiyyətdə olan bir insan kimi sizin fikriniz maraqlı olardı. Necə düşünürsünüz, mübarizənin daha uğurlu, müsbət nəticələr əldə olunması üçün Dövlət Proqramında əlavə hansı müddəalar yer almalı idi?
- Cənab Prezidentin verdiyi sərəncamda QTH-lərin narkomaniyaya qarşı mübarizəyə cəlb olunması məsələsinə toxunmaq istərdim. Burada məsələ zəncirvaridir. QHT-nin özünün vəziyyəti ağırdır. Birinci o QHT Agentliyinin özünü düzəltmək, oraya maliyyəni artırmaq lazımdır. Oradakı bəzi bürokratik məsələləri həll etmək lazımdır. Ondan sonra bu məsələlərə normal yanaşmaq olar. Niyə? Birincisi, orada ancaq tanışlıq prinsipi işləyir. Məsələn, hamı bilir ki, narkomaniyaya qarşı mübarizə müstəvisində işləyən yeganə QHT mənim təşkilatımdır. Və mənimlə onların şəxsi problemləri olduğu üçün mən onlardan qrant almram. Sonda təklif etsələr də almadım.
Burada bir məsələ var. Tutaq ki, mənim işçilərimə 500 manatdan əməkhaqqı veriləcək. Bunun da 88 manatı bir tərəfə, 14 manatı bir tərəfə, işçiyə gəlib 300 manatı çıxacaq. 300 manata kim narkotiklə mübarizə aparar? Heç kim. Ona görə, birinci bu məsələlər düzəlməlidir, ondan sonra qalan məsələlər. Narkotiklərlə mübarizə hazırda DSX-nın, polisin və digər güc strukturlarının üzərindədir. Harada görmüsünüz, QHT bu məsələ ilə mübarizə aparsın? Şəxsən mən görməmişəm. Çünki səlahiyyəti də, imkanı da, resursu da yoxdur. Mənim binaların damlarında, küçələrdə, tinlərdə qarış-qarış dolaşıb iş aparmağım videolarda görülür. Faktiki bu gün çöllərdə, zirzəmilərdə işləyən QHT-lərə şərait yaratmalıdırlar ki, nə polis, nə DSX gedib zirzəmiləri, tinləri yoxlamasın, biz gedib yoxlayaq. Yəni dövlət qurumlarının o qədər vaxtı da yoxdur ki, gəlib bütün deşikləri yoxlasın, olan problem üzə çıxarıb həllinə çalışsın. Ona görə də bunu əvvəllər QHT-lər edirdi, əvvəlki əməkhaqqı normal idi və QHT Şurasında də bu qədər bürokratiya yox idi. İndi bu tinlərə, küçələrə töküləsi adamlar kimlərdir? QHT-lərin həmin outricləri - küçə işçiləridir. Xalqın içindəki olan problemləri nə polisə, nə DSX-ya heç kim deməyəcək. Deyənə də “işverən” deyəcəklər. Ona görə, xalqın içində çöl işçiləri işləməlidirlər. Onların 500-600 manatadək maaşından faizlər tutulmasa, əməkhaqqına görə olsa belə, məcbur olacaq, tində, küncdə-bucaqda, çayxanada, iaşə obyektlərində həmin narkotik istifadəçiləri ilə də, hətta satıcıları ilə də işləyə biləcəklər. Yəni mənim bu sahədə gördüyüm ən böyük problem budur. Çünki indi iki nəfər işləyir və bu qədər geniş proqramın həlli üçün minimum 100 nəfər lazımdır. Elə bil, iki qurum işləyir, indi bura 8 qurum da əlavə etmək lazımdır ki, tapşırıqlar yerinə yetirilə bilsin. Bu iki dövlət qurumundan əlavə (DİN və DSX) 8 qurumun da işini görəcək adamlar lazımdır. Tutalım bu işin 20 faizini iki qurum edirsə, 80 faizini QHT-lərin çöl işçiləri yerinə yetirməlidir. Məsələn, biz 1 ilə bu mübarizəyə 10 milyon manat xərcləyiriksə, nəticəni 10%-dən yuxarı qaldıra bilmiriksə, həmin 10 milyonun 5 milyonunu QHT-lərə yönəltsək, hardasa nəticəni yarıya qaldıra bilərik.
Mən 17 ildir bu işi Qlobal Fondla “Zərərin azaldılması” layihəsində işləyirəm. Faktiki olaraq mən bu işin içindəyəmsə, araşdırmanı apara bilirəmsə və əsas məlumatları verə bilirəmsə, polis və DSX bunu mənim qədər edə bilməyəcək. Çünki dövlət qurumlarının bəzilərinə tin uşaqları etibar etmir, amma mənə etibar edir. Mən onların problemlərini görürəm, hökumətə də göstərirəm ki, burada bu problemlər var və əlimizdə olan resurslarla problemləri belə həll etmək mümkündür.
-Yəni sizin bu proqramda əlavə olaraq görmək istədiyiniz nüans bunlardır…
- Mən deyirəm ki, orada verilənlərin heç 50%-nə biz nail ola bilməyəcəyik.
- Niyə?
- Çünki orada əsasən də göstərilib ki, QHT-lərlə, ictimaiyyətlə işlənilsin. İctimaiyyətin bununla işləməsinə stimul verən heç nə yoxdur. Nə QHT-yə, nə ictimaiyyətə.
- Bu stimul maliyyə olmalıdır?
-Bəli, bütün dünya belə işləyir. Bütün dünya QHT-lərlə işləyir. Bunlardan başqa, sosial işçilər olmalıdır. Bunlardan başqa heç kəs işləməyib və işləməyəcək. Bir daha deyirəm, dövlət qurumu gəlib çayxanadakılarla işləməyəcək. Hətta işləsə belə, onların dilndə danışıb, onları başa sala bilməyəcək. Tutaq ki, polis, yaxud DTX əməkdaşı gəlib oturub 10 narkomanın işində söz danışır, narkoman ona qulaq asacaqmı? Və yaxud 10 risk qrupuna daxil olan gəncin yanında söz danışar, onlar bu əməkdaşın sözünə qulaq asarmı? Yox. Qorxacaqlar, dağılışacaqlar.
Ona görə də Avropanın layihəsi var – “tay-taya”. Məsələn, mənim ətrafımda dünya çempionu olan narkotik asılılığından qurtarmış “hörmətli narkomanlar” olub. Həmin keçmiş narkomanlar vasitəsilə hazırkı istifadəçilərə, yeni başlamışlara, yaxud risk qrupunda olan gənclərə təsir edə bilirəm. “Tay-taya” prinsipinin məğzi – “o mənim tayımdır, mən də onun tayıyam”dır. Tutaq ki, keçmişdən narkoman olmuş şəxs dünya çempionu idi və narkotikdən uzaqlaşandan sonra yenə də hörməti özünə qayıtdı. Və ona hörmət qoyan riskli gənclər, ondan örnək götürən AUE gənclərlə həmin şəxsin görüşünü təşkil edirik, o şəxs də öz şəxsi həyat təcrübəsindən irəli gələrək danışır ki, mən bu yolu keçmişəm, bunu etməyin, bu uçurumdur, pis yoldur. O öz nümunəsində doğru, alternativ yolu göstərir. Həm də narkomanın mənliyi itdisə, onu hansı səviyyəyə qaldırsan da, bunu bərpa etmək çox çətin olur. Biz çalışırıq mənliyi özündə qalmış insanlarla işləyək, hansı ki, onlara cəmiyyətin yenidən hörmət qoyacağı ehtimalı olsun. Əgər cəmiyyət ona hörmət qoyursa, təzədən onları adamların qarşısına çıxarırıq. Amma hələ narkotikə təzəcə başlamış adamların qarşısına çıxarırıq, çünki təzə başlayanların geri dönüş ehtimalı daha çoxdur. Bir var ki, həmin narkotikə təzə başlayana atası desin o sözü… Atası o yolu görməyib, o, atasına qulaq asmayacaq. Bir də var ki, meylli gənclərin AUE kimi hörmət etdikləri adam var. Avtoritet kimi adamlar var, hansı ki, onun yolunu getmək istəyirlər. O şəxs AUE-yə meylli gənclərə başa salır ki, bu yol yol deyil, məşğulluq mərkəzləri var, ora müraciət edin, özünüzə iş tapın. Yaxud gedin oradan avadanlıqlar götürün, özünüzə iş qurun. Həmin gənclərin içindən də həqiqətən də avadanlıq götürüb özünə iş quranlar olur. Mənim tanıdığım gənclərdən biri bu işə girişdi, indi hal-hazırda işləyir. Biri moyka açıb, işləyir, biri usta işləyir. Mən faktiki 17 nəfəri saya bilərəm ki, bu yöntəmlə məşğulluğa cəlb etmişik. Onların bəziləri narkotikə yeni başlamışlar idi, bəziləri isə meyllilər idi.
-Deməli, gənclərin əyri yolu getməməsində məşğulluğun böyük rolu var…
- Bəli, mən bu haqda çox danışmışam. Məşğulluq İdarəsinin də, DOST Agentliyinin də. Onların elələri var ki, indi maddi baxımdan vəziyyətləri çox yaxşıdır. KOBİA-nın da burada çox rolu var. KOBİA-ya bir nəfəri apardım, onunla danışdılar, gördülər ki, bu işi bacarır, ona maliyyə ayırdılar, istehsal etdiyi mallarını mağazaya çıxardılar, mağazanın pulunu da özləri verdilər.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az