Rüşvət almaqda ittiham edilən daha iki vəzifəli şəxsə hökm oxunub.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bunlar Abşeron rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat - İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi və Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin sədri vəzifəsində işləmiş şəxslərdir.
Ariz Bayramovun Ağstafanın Dağ Kəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. O, 2019-cu ilin avqust ayından başlayaraq 2022-ci ilin avqust ayınadək olan müddət ərzində, dəqiq xatırlamadığı vaxtlarda və saatlarda Dağ Kəsəmən kənd bələdiyyəsinin inzibati binasında bələdiyyə büdcəsindəki pul vəsaitini ələ keçirmək məqsədiylə kəndarası yolların təmir edilməsi bəhanəsi ilə qurumun üzvlərinin yerinə sənədlər imzalayaraq külli miqdarda vəsait əldə edib. O, bələdiyə üzvlərinin yerinə oxşar imzalar atmaqla guya 14 nəfərə maddi yardım verilməsi barədə yalandan sənədlər tərtib edib və kifayət qədər vəsaiti mənimsəyib.
4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi V. Abbasov Xırdalan şəhəri, Quşçuluq massivində öz evinin ikinci mərtəbəsini tikmək istəyən M. İsmayılovdan 6700 manat aldığına görə saxlanılıb. Sahə rəisi 6700 manatı vətəndaşdan tələb edərkən sözügedən vəsaiti Əmlak Xidməti və Abşeron rayon İcra Hakimiyyətinə verməli olduğunu deyib.
Məhkəmənin qərarı ilə, 1965-ci il təvəllüdlü bələdiyyə sədri Ariz Bayramov Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sabiq bələdiyyə sədri cəza çəkdiyi müddətdə 3 rayondan kənar çıxmamaq (Ağstafa, Tovuz, Qazax) şərti ilə elektron qolbaqla gəzəcək.
1968-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi V. Abbasov isə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6300 manat məbləğində cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.