Bakı Apellyasiya Məhkəməsində Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə ittiham olunan Bəxtiyar Şıxıyevin barəsindəki cinayət işi üzrə qərardan yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində apardığı kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Bəxtiyar Səttərxan oğlu Şıxıyevin ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib. DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.