Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.
Stopnarkotik.az xəbər verir ki, məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxsdir.
*** 19:32
“Crocus City Hall”dakı terrorda təqsirləndirilən onuncu şəxs həbs olunmaq üçün məhkəməyə gətirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Yakubcon Yusufzoda Moskvanın Basman Məhkəməsindədir.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunub (terrorçuluq mütəşəkkil dəstə tərəfindən törədildikdə).
*** 18:56
“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.
Bu barədə TASS-a bildirilib.
Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.
“O, 12 sutka müddətinə inzibati həbs edilib”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.
*** 18:19
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.
Bu barədə İstintaq Komitəsindən TASS-a məlumat verilib.
“İstintaq məhkəmədən "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.
Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.