COP29 ərəfəsində əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev COP29 ərəfəsində əfv sərəncamı imzalanacağı barədə iddialara münasibət bildirib.

Stopnarkotik.az-ın məlumatına görə, Ə.Nuriyev Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv hüququ Prezidentin müstəsna səlahiyyətidir. 

“Nə zaman əfv olacağını yalnız Prezidentimiz bilir və bu qərar Prezidentimiz tərəfindən tətbiq oluna bilər. Hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Nəzərə alsaq ki, bir qayda olaraq il ərzində bir dəfə əfv sərəncamı imzalanır. Bu ilin may ayında cənab Prezident tərəfindən əfvlə bağlı Sərəncam imzalanmışdı. Xeyli sayda məhkumun adı həmin Sərəncama daxil edilmişdi. Bəziləri azadlığa buraxılmışdı, bəzilərinin cəzası yarıbayarı azaldılmışdı. Fikrimcə, yaxın vaxtlarda növbəti əfv sərəncamının olması az gözləniləndir. Bilirsiniz ki, ölkə COP29 kimi böyük bir konfransa hazırlaşır. 10 minlərlə insan Azərbaycana gələcək. Bütün dövlət qurumları, yüksək vəzifəli şəxslər, o cümlədən Əfv Komissiyasının üzvlərinin əksəriyyəti məhz bu tədbirin həyata keçirilməsi istiqamətində verilən tapşırıqlara uyğun öz vəzifələrini icra edirlər. Buna görə də hazırkı şəraitdə Əfv Komissiyasının iclaslarının keçirilməsi ehtimalını o qədər yüksək qiymətləndirmirik. Amma əlbəttə ki, bu, Əfv Komissiyasının sədri, Prezident Administrasiyasının rəhbəri hörmətli Samir müəllimin səlahiyyətləri çərçivəsindədir. İşlərinin çox genişmiqyaslı olması, vacib, dövlət əhəmiyyətli məsələlər olduğu üçün Komissiyanın toplanacağını güman etmirəm. Amma təkrar edirəm, Prezidentimiz hər zaman öz Konstitusiya hüququna istinad edərək əfv sərəncamı verə bilər. Buna görə də COP29 ərəfəsində əfv olub-olmayacağı barədə dəqiq fikir söyləmək çətindir. Bunu qeyd etməliyəm ki, Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru və Əfv Komissiyasının katibi fasiləsiz işləyir. Bütün daxil olan müraciətləri emal edir. Hər bir müraciətlə bağlı müvafiq rəylər alınır, arayışın hazırlanması istiqamətində fəaliyyətlərini həyata keçirirlər. Əfv Komissiyasının katibi hər zaman Prezident tərəfindən verilən tapşırığa uyğun olaraq iclasların hazırlanması prosesi ilə bağlı müvafiq sənədlər təqdim edə bilər. Yenə də deyirəm, hazırda gərgin iş rejimidir, amma bütün hallarda qərarı cənab Prezident verir”, - Ə.Nuriyev qeyd edib.