Çində yeni virus yayılmağa başlayıb.
Koronavirusun yayılmasından 5 il sonra ortaya çıxan virus ictimaiyyət arasında narahatlığa səbəb olub.
Metapnevmovirus (HMPV) adlandırılan yeni virus Çinin şimal əyalətlərində, xüsusən də uşaqlar arasında yayılıb. Artıq Qazaxıstan və Qırğızıstanda yeni virusa yoluxanların olduğu bildirilir.
Sosial media platformalarında Çindəki xəstəxanalarda maska taxan insanların fotoşəkilləri yayılıb. Mətbuat yeni virusu “Covid”in ilkin yayılması ilə müqayisə edib. Səhiyyə orqanları naməlum mənşəli virusun yayılmasının monitorinqi və idarə olunması üçün yeni tədbirlər həyata keçirir. Buna baxmayaraq, Pekin yoluxmaları adi qış xəstəliyi kimi qiymətləndirib.
Azərbaycan da daxil olmaqla bir neçə ölkə virusu və onun yayılmasını yaxından izləyir.
HMPV aşağı və yuxarı tənəffüs yolu infeksiyalarına (soyuqdəymə kimi) səbəb olan yoluxucu virusdur. Adətən qışda və yazın əvvəllərində müşahidə edilən virus qripə bənzər mövsümi xəstəliklərə səbəb olur.
Bütün dünyanı həyəcanlandıran metapnevmovirus yeni kəşf edilmiş virus deyil. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin bildirdiyinə görə, virus ilk dəfə 2001-ci ildə aşkar edilib . Buna baxmayaraq bəzi seroloji sübutlar virusun ən azı 1958-ci ildən bəri geniş yayıldığını göstərir.
HMPV "Pneumoviridae" ailəsinə mənsub virus növüdür. Xəstəlik adətən yüngül keçsə də, xüsusilə körpələrdə, yaşlılarda və immun sistemi zəif olanlarda pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Virusun simptomlarına öskürək, qızdırma, burun tutulması və yorğunluq daxildir, inkubasiya müddəti üç-altı gündür.
"Covid-19"dan fərqli olaraq, HMPV üçün peyvənd və ya spesifik antiviral müalicə yoxdur, müalicə ilk növbədə simptomların idarə edilməsini əhatə edir. Virus yoluxmuş şəxsdən başqalarına öskürək və asqırma, yaxın şəxsi təmas zamanı keçir.
Kamboca və Tayvan kimi qonşu ölkələr vəziyyəti diqqətlə izləyir. Kambocanın Yoluxucu Xəstəliklərə Nəzarət Agentliyi HMPV-nin COVID-19 və qripə oxşarlığını qeyd edərək xəbərdarlıq edib.
İngiltərədəki Varvik Universitetində pnevmovirusları tədqiq edən virusologiya professoru Endryu İston bildirib ki, yeni virus 1 yaşdan aşağı körpələr üçün ciddi narahatlıq doğurur. O qeyd edib ki, HMPV aşkar edildiyi 21-ci əsrin əvvəllərindən bəri bütün dünyada risk altında olan populyasiyalarda əhəmiyyətli bir problem olaraq tanınıb.
Ekspertlər yeni virusdan qorunmaq üçün digər respirator viruslarda gördükləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.
- Əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
- Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
- Xəstə insanlarla yaxın təmasdan çəkinin.
- Öskürərkən və asqırarkən ağzınızı tutun.
- Xəstəlik zamanı evdən çölə çıxmayın.
Modern.az