Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir - HESABAT

Penitensiar Xidmət müəssisələrinə başçəkmələr zamanı istifadəyə yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilib (2 saylı istintaq təcridxanası, 15 saylı cəzaçəkmə müəssisəsi), müəssisələrin tibbi-sanitariya hissələrinin qeydiyyat jurnallarında zəruri qeydlərin aparılmadığı və ya natamam aparıldığı (2 saylı istintaq təcridxanası, 5 və 7 saylı cəzaçəkmə müəssisələri) müşahidə edilib.

Stopnarkotik.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya, serebral iflic və digər), habelə İİVİQİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların, ümumiyyətlə, verilmədiyi (2 və 5 saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib:

“Başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarının saxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducuda saxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5 saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib. Başçəkmə çərçivəsində həyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdən şikayət edib, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə, müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərini bildiriblər”.