“BU YOLUN AXIRI ÖLÜMDÜR, FACİƏDİR…” – Xalq artisti Rasim Balayev narkotik aludəçisi olan gənclərimizə səsləndi

Azərbaycan kino sənətinin canlı əfsanəsi, bir çox tarixi şəxsiyyətimizə ölməzlik obrazı qazandıran sevilən aktyor, Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordenli Rasim Balayev Stopnarkotik.az saytına müsahibəsində ölkəmizdə narkotik ticarətindən və narkomaniyadan xilas yolları ilə bağlı fikirlərini bölüşüb. Buyrun, oxuyun.

- Rasim müəllim, bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də ölkəmizdə narkotik ticarətinin və narkomaniyanın sürətlə yayılmasıdır. Hansı ki, bu, İkinci Qarabağ Savaşından sonra xarici güclərin ölkəmizə qarşı açdığı “Narkotik müharibəsi” kimi xarakterizə olunur. Doğrudur, dövlət qurumları bu problemin həlli ilə bağlı ciddi mübarizə aparır. Lakin hələ də bu bəladan xilas ola bilmirik. Sizin bu haqda nə kimi təklifləriniz, tösviyyələriniz var?

- "Ağ ölüm" bu dünyanın sağalmayan bir ağır xəstəliyidir. Çox təəssüf ki, insanları korlamaqda davam edirlər. Hər gün televiziyada da göstərirlər, neçə kiloqramlarla narkotik maddələr aşkarlanır. Ordan gəlir tuturlar, burdan gəlir tuturlar, yenə ardı gəlir. Bilirsiniz, bunların hamısı insanların genefondunu pozmaq üçündür. Gəncliyi, bizim gənclərin gələcəyini puç edirlər. Mən də gənc olmuşam, sən indi də gəncsən və bilirik ki, insan formalaşmamış hər cür yola gedə bilər. Çox təəssüf ki, bu, artıq məktəblərə də sirayət edir. Bu, bizim gələcəyimizi, genefondumuzu pozmaq deməkdir. Narkotik satıcıları ilə gecə-gündüz, 24 saat mübarizə aparmaq lazımdır. Bu “ağ ölüm” dəhşətdir. Mən bu yaxınlarda bir verilişə baxdım. Olimpiya çempionu, daha böyük perspektivi olan gözəl bir oğlanı narkomaniyaya qurşandırıblar. Verilişə baxdım, o gecə səhərə kimi fikrimdən yata bilmədim. Bu cür istedadı olan oğlan gedib Avropada çempion olub, gəlib bu zəhrimardan bir dəfə, iki dəfə istifadə edib, sonra ailəsindən də, ev-eşiyindən də ayrı düşüb. Gəlib başqa yerdə, qohumun evində yaşayır, həm də  borcun içində. O, artıq məhv oldu. Yəni yalnız onun həyatını gördüm, dəhşətə gəldim. Allah bilir, mənim, sizin görmədiyiniz neçə-neçə belə istedadlılar var ki, məhv olub gedirlər. Nə edirlərsə də, özlərinə edirlər. Yəni həm polis, həm ictimaiyyət, həm məktəb, həm valideyn, bir sözlə hamı bu işlə ciddi mübarizə aparmalıdır. Bəlkə ondan sonra ölkəmiz "ağ ölüm”dən xilas ola bildi.

**

- Necə düşünürsünüz, hazırda ölkəmiz üçün ən ciddi problemlərdən birinə çevrilən, xüsusilə də yeniyetmə və gənclərimizi məhv etməklə ölkəmizi fəlakətə sürükləyən "ağ ölüm"lə bağlı maarifləndirici filmlərə ehtiyac varmı?

- Əlbəttə, var. Təbii ki, o haqda da filmlər çəkmək lazımdır. Həmin “ağ ölüm”ün fəsadlarından, insanların taleyindən, yaşamından, onların həyat tərzindən, sağlamlıqlarının nə qədər pozulmasından. Biri var o insanlara, gənclərə sözlə deyəsən, biri də var onu əyani göstərəsən ki, bu adam belə idi… Gənclər bunu görməlidir. Əlbəttə, bununla bağlı hər bir sahə məşğul olmalıdır, özü də elə-belə yox, ciddi şəkildə, sərtləşdirilmiş qaydada. Kinolar da çəkilməlidir, teatrlarda tamaşalar da qoyulmalıdır. Yəni bu gün narkotik çox aktual dərdimizdir. Bu, tək bizdə deyil. Bizim gələcəyimiz pozulub. Bizim gənclərimizin əksəriyyəti bu yola gedib. “Əksəriyyəti” deyəndə, hamısın demirəm, amma bu faktdır ki, gedənlər var. Çox təəssüf ki, bu ailə faciəsinə gətirib çıxarır. Narkotik üçün pulu yoxdursa, gedib qarşısına çıxanı öldürür ki, mənə pul ver, gedim narkotik alım. Yəni xisləti elədir. Onun ki, dəmi gəldi, qabağına çıxanı öldürüb, pulunu götürüb gedib özünə narkotik maddə almalıdır. Faciədir, həm də çox böyük faciədir.

**

- Bir ziyalı, dəyərli sənət adamı olaraq narkomaniyaya meyl edən yeniyetmə və gənclərimizə tövsiyyələriniz nələrdir?

- Yeniyetmələrimiz, gənclərimiz heç bu yola qoşulmasınlar, pis yola düşməsinlər. Bu yolun axırı faciədir, ölümdür. İnsan bir dəfə bu dünyaya gəlir ki, xoşbəxt yaşasın, ailə qursun, bir yuva qursun, öz isti ocağı olsun. Həmin ağrı-acı gənclərimizi məhv edir. İnsan başqalarını da, özünü də məhv edir. Ona görə də bununla ciddi məşğul olmaq lazımdır.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az