“Bu, həm də cəmiyyətimizin uğurudur ki, Stopnarkotik.az fəaliyyət göstərir” – İLQAR AĞAYEV

“Narkomaniyaya qarşı fəaliyyət göstərən blogerlərdən fərqli olaraq, Stopnarkotik.az saytının lentə aldığı narkotik asılılarının cəmiyyətə verdiyi mesaj daha fərqlidir”.

Bunu Stopnarkotik.az saytının 1 yaşının tamam olması ilə bağlı fikir bildirən “Güvən” Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Ağayev deyib:

“Stopnarkotik.az-ın cəmiyyətin sağlam və artıq pis vərdiş asılılısı olan qisminə ötürdüyü mesaj narkotiksiz, qumarsız və alkoqolsuz sağlam həyatın təbliğidir. Reklam xatirinə narkotik istifadəçilərinin videogörüntülərini paylaşan blogerlər isə məsələyə özlərinin reklamı və maliyyə prizmasından yanaşırlar. Bu baxımdan deyə bilərəm ki Stopnarkotik.az saytının gördüyü işlər maarifçilik xarakterlidir və cəmiyyəti sağlam həyata doğru meylləndirir, maarifləndirir. Belə ki, sayt narkotikin insanları haralara sürüklədiyini, sonra necə sağaldıqlarını göstərir ki, bu da birmənalı şəkildə minnətdarlıqla qarşılanır.

Həm saytın, həm də cəmiyyətin uğurudur ki, bu gün Stopnarkotik.az fəaliyyət göstərir. Keçmişdə nə sağalma haqda güclü informasiya, nə də narkomaniyanın fəsadları ilə bağlı bu qədər ətraflı məlumat verən sayt var idi.

İnsanların narkotik ucbatından pis duruma düşməsini, hər şeylərini itirməsini, həm də belə insanların yenidən cəmiyyətə faydalı insan ola biləcəyini göz önünə sərməsi saytın işində ən vacib məqamlardandır”.

İlqar Ağayev həmçinin qumar və alkoqol alüdəçiliyindən əziyyət çəkənlərin çox olduğunu, bu pizmanın da daha çox işıqlandırılmasının vacib olduğunu qeyd etdi.

Stopnarkotik.az