Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın məlumatı əsasında İstintaq Komitəsi adam oğurluğu maddəsi üzrə cinayət işi açıb.
Erməni mediası xəbər verir ki, Baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti “Aşot Paşinyanı evinin yaxınlığında oğurlamağa cəhd etdilər” başlıqlı məqalə dərc edəndən təxminən bir saat sonra 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri polisə aparılıb. Onlar Jora Saakyanın atası Vahid Saakyan, Mxitar Qaleyanın atası Qarik Qaleyan və Jora Martirosyanın anası Qayane Akopyandır.
“Haykakan Jamanak”ın yazdığına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların harayı” ictimai təşkilatının üzvləridir və onlar Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Ancaq Paşinyan dayanmış avtomobildən düşə bilib, amma bu zaman həmin təşkilatın onları təqib edən avtomobili ilə toqquşub.
Qəzetin yazdığına görə, Paşinyanın ayağı zədələnib, “Oğulların çağırışı” QHT-sinin üzvləri hadisə yerindən qaçıblar.
Ölən hərbçi Jora Saakyanın anası Zoranuş Saakyan polis idarəsinə gətirilənlər arasında ərinin də olduğunu bildirib.
O təsdiqləyib ki, həmin gün (mayın 17-də) ölən hərbçilərin valideynlərindən birinin işi üzrə məhkəmə iclasından sonra Aşot Paşinyanla görüşüblər:“Bu gün məhkəmə var idi, ora gəldi. Böhtan atırlar ki, guya valideynlər onu qaçırıb, amma biz qaçırmamışıq. Qayane Martirosyanın məhkəməsi idi, Qayaneyə dedim: gəl, özü gəldi, ona toxunmadıq. Özü də səssizcə oturdu ... və maşından düşdü, getdi".
“Haykakan Jamanak” ölən hərbçi Mxitar Qaleyanın atası Qarik Qaleyanın adam oğurluğuna cəhddə əli olduğunu iddia edib. O, kiminsə baş nazirin oğlunu qaçırmağa cəhd etdiyini təkzib edib.
“O, məhkəmənin yanından keçirdi, sonra valideynlərdən biri ilə oturdu. Analardan biri dedi: biz Yerablura (Yerevanda hərbi məzarlıq – red.) gedirik, bu oğlanların gözünün içinə bax və onların etdiklərini valideynlərinə danış. Maşına mindi, getdilər, hardasa Üçüncü sahədə maşının qapısını açıb düşdü. Yəqin ki, maşın hərəkətdə olub. Arxada gələn beş maşından birində idim, o, çıxıb qaçanda mən də onu vurmamaq üçün yavaşladım", – Qaleyan deyib.
Vəkil Ruben Melikyan adam oğurluğu ilə bağlı məlumatların həqiqətə uyğun gəlmədiyini, polisə aparılanlarla görüşməyə hələ vaxtı olmadığını söyləyib: “Mənə dedilər ki, bu doğru deyil, adam oğurluğu cəhdi olmayıb. Düşünmürəm ki, Aşot Paşinyan özünü elə aparıb ki, kimsə ondan atasının etdiklərinə görə cavab tələb etsin. Bu versiya mənə inandırıcı görünmür. Yəni, o, heç vaxt Nikol Paşinyanın ailəsinin bir çox üzvlərinin həzz aldığı dəbdəbədən faydalandığını göstərəcək davranış sərgiləməyib”.
Dünən həbs edilən Qarik Qaleyan ötən il bir qrup şəxslə hərbi hissənin ərazisinə daxil olmaq və komandir müavininə qarşı zorakılıq etmək ittihamı ilə saxlanılıb, sonra isə zaminə buraxılıb.Aşot Paşinyanın sağlıq durumu ilə bağlı məlumat yoxdur.
“Haykakan Jamanak” daha sonra video yayımlayıb, orada Aşot Paşinyanın maşından tullanan zaman başqa avtomobillə vurulmasının əks olunduğunu bildirib. Media bu videonun onlara haradan və necə çatdığını dəqiqləşdirməyib.
Cinayət işinin açıldığı maddədə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Polisə aparılan vətəndaşların hüquqlarının müdafiəsini üzərinə götürən vəkil Vahan Ovannisyan “Radio Azatutyun”a müsahibəsində Viqen Azatyan, Vahid Saakyan, Qayane Akopyan və Qarik Qaloyanın saxlanıldığını bildirib./azpolitika