Böyük Britaniyada “üzən həbsxana” skandalı – 500 nəfər 18 ay burada qalacaq... / VİDEO, FOTOLAR

500 miqrantın ən azı 18 ay qalacağı “Bibby Stockholm” gəmisi Dorset sahilindəki Portlend limanına yanaşıb.

Bu hadisədən sonra Böyük Britaniya hökumətinin mübahisəli immiqrasiya siyasəti yenidən gündəmə gəlib. Portlend adasının sakinləri və insan haqları təşkilatları sözügedən gəmini “üzən həbsxana” adlandıraraq, hökumətin immiqrasiya siyasətinə etiraz ediblər.

Britaniya hökuməti elan edib ki, 222 otaqlı gəmidə yerləşdiriləcək insanlar yalnız bu ölkəyə qanunsuz daxil olmuş 18-65 yaş arası kişilərdən ibarət olacaq. 50 nəfərlik ilk qrupun yaxın həftələrdə gəmiyə yerləşdiriləcəyi gözlənilir. Britaniya hökumətinin açıqlamalarına görə, hazırda ölkə daxilində otellərdə təxminən 51 min miqrant var və bu, onlara gündəlik 6 milyon funt-sterlinqə başa gəlir.

Qeyd edək ki, miqrantları dəstəkləyən qeyri-hökumət təşkilatları bunun “qeyri-insani” olduğunu bildiriblər.

Xatırladaq ki, Böyük Britaniya hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq üçün ötən ay bu barədə qanun layihəsini irəli sürüb. Qanun layihəsi qəbul olunacağı təqdirdə ölkəyə daxil olan qanunsuz miqrantlar sığınacaq tələb edə bilməyəcək və qısa müddət ərzində deportasiya olunacaqlar.

Deportasiya olunanlar təhlükəsiz olduğu halda öz ölkələrinə, əks halda təhlükəsiz hesab edilən üçüncü ölkəyə göndəriləcəklər.