Statstikaya görə, əvvəlki illərlə müqayisədə boşanmaların sayı artır. Eyni zamanda, cəmiyyətin boşanmalara qarşı münasibəti də dəyişilib. Hətta artıq adi hal olaraq qəbul edilir.
Sizcə, boşanmalara qarşı yanaşma adiləşdikcə say etibarı ilə boşanmış ailələr çoxalmırlar?
Əlbəttə çoxalır. Bəs görəsən səbəb nədir: ideologiya, sosial, maddi durum, cinsi problemlər, yoxsa psixoloji təsirlər?
Ailənin sosial “yaşam tərzi” dedikdə cəmiyyətdə tutduğu mövqe, özünü cəmiyyətə təqdimi, ailəiçi, kənar insanlar, qohum-tanışların təsiri, insanın sərbəst yaşama prinsipləri və s. nəzərdə tutulur.
Maddi durum dedikdə isə, insanın maddi istəklərinin ödənilə bilməməsi, ətraf insanların yaşam tərzinə baxdıqca, insanın istək və tələbatı da oyanır. Ödənilməmiş tələbat isə birbaşa insan duyğularına təsir edir. Bu zaman psixoloji problemlər baş qaldırır. Gərginlik, sinir sisteminin oyanıqlığı, əhvalın kəskin dəyişməsi, mühit və reallığı qəbul etməmək insanı bir-birini başa düşməz hala gətirir. Ər-arvad bir-birlərini anlamır, komprimisə getmək istəmirlər, hər kəs özünün haqlı olduqlarını sübut etmək istəyir.
Ailədə çox vaxtda boşanmalar xəyanət üstündə də yaranır. Xəyanəti bağışlamaq olarmı? Bu sualı cavablandırmağa çalışacam.
Xəyanət bağışlanmaz olsa da, xəyanəti yaradan və insanı xəyanətə sürükləyən səbəbləri gözdən keçirək. Sevgi doyumsuzluğu, bəzi komplekslərin tamamlanmaması, həyatın müəyyən hissəsində düşdüyü boşluqlar, keçmişdə yaşadığı psixoloji travmalar, depressiya (nəzərə alsaq ki, kişilər depressiyaya düşəndə bu durumdan çıxmaq üçün zərərli vərdişlərə meyl edirlər: spirtli içki, qumar, siqaret, narkotik, xəyanət və s.) davamlı konfilikt, kənar insanların ailəyə müdaxiləsi, iradə zəifliyindən təsir alta düşmə və s.
Bunlar hamısı xəyanətə sürükləyən səbəblərdir. Bəlkə ilk növbədə bunları aşkara çıxarmaq və bu psixoloji durumu ortadan qaldırmaq lazımdır?! Xəyanət baş veribsə, diqqət xəyanətə yox, problemi həll etməyə yönəlməlidir.
Əksər xanımlar düşünür ki, boşanandan sonra artıq problemim azalacaq. Çünkü onu əsəbləşdirən hal ona xəyanət edən kişi ilə bir yerdə qalır. Deyirlər ki,onu görməsəm daha rahat olaram. Nəzərə alaq ki, bu duyğular həmin vaxt üçün keçərlidir. Sonrakı vaxtlar qəzəb, nifrət hissi azaldıqca peşmançılıqlar önə çıxır. O anda da qadın ya acığa düşüb intiqam, qisas zəminində hərəkət edir, istəmədikləri evliliyə, yeni bir münasibətə baş vurmuş olur. Sonra da özlərinə ikinci bir travmanı yaşadırlar, ya da tərk edilmiş, aldadılmış düşüncələrlə yaşayaraq psixoloji durumlarını pozurlar.
Boşanmalar uşaqların psixoloji durumuna necə təsir edir?
Nəzərə alsaq ki, ailə tək ər-arvad münasibəti demək deyil, həm də ailədə övlad varsa, ata və ana obrazı kimi uşaqlarına valideynlik məhsuliyyətdir. Uşaq valideynlərinin arasında baş verən konflikti normal qəbul etmir.
Ailədə boşanmalar uşaqlarda bir sıra psixoloji pozuntulara iz açır. Onları həm daxili, həm də xarici aqressivliyə yönəldir.
Daxili aqressivlik dedikdə valideynin boşanmasını təbii ki, uşaq normal qəbul etmir. Hətta deyərdim ki, utanc yaşayır. Baş vermiş hadisəni daxilində həddindən artıq şişirdir və daxili stress keçirir. Davranışında xoşagəlməz pozuntular olur. Gecə yuxularında diksinib oyanmalar, sayıqlamalar, enurez (gecə yerini islatma), utancaqlıq, özünə qapanma, özgüvənsizlik, ünsiyyət halları müşahidə olunur. Eləcə də arici aqressivlik, dostlar, sinif yoldaşlar və ətrafdakı insanlarla aqressiv münasibət, ünsiyyətində kobudluq, qisas almaq iddiası, vurmaq, dağıtmaq və s.
Buna görə, boşanmadan öncə ailədə uşaqların psixoloji durumu da nəzərə alınmalı, mütəxəssislərlə məsləhətləşilməlidir.
Emil MAQALOV
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri