Gözlənildiyi kimi, Vladimir Putin Donald Tramp administrasiyasının təklif etdiyi və Ukraynanın razılaşdığı 30 günlük atəşkəs təklifini birmənalı şəkildə rədd etmədi. Ancaq onu birmənalı qəbul da etmədi. Yəni, Putinin cavabı nə “hə kimi hə, nə də yox kimi yox” oldu...
Putinin Trampın ünvanına minnətdarlıqlar, təriflər söyləyəndən sonra ortaya qoyduğu mövqeyini onun bir cümləsilə ifadə etmək olar: “Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, amma biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini(!) aradan qaldırsın”. Putinin “amma”-sı, yəni, 3 ildən çoxdur bütün dünyanın zəhləsini tökmüş “ilkin səbəbləri”, yəni, şərtləri hamıya yaxşı məlumdur. Bu şərtlərə Ukraynanın tam silahsızlaşdırılması da daxil olmaqla, faktiki olaraq öz suverenliyindən imtina etməsi və s. ilə yanaşı, NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasına qədər çoxsaylı, yerinə yetirilməsi mümkünsüz olan məsələlər daxildir. Qəbul edilməsi istisna edilən şərtləri təkrarlamaq isə elə “yox” cavabına bərabərdir...
Putin, həmçinin, cənhədəki vəziyyət barədə danışarkən, Rusiyanın tam üstünlüyə malik olduğunu qeyd edərək, indiki şəraitdə atəşkəsə getməyin Moskvaya sərf etmədiyinə eyham vurub. İddia edib ki, Kurskda çoxlu sayda ukraynalı hərbçi mühasirədədir və digər cəbhələrdə də guya Rusiya durmadan irəliləyir. Ancaq necə durmadan irəliləyirsə, rus ordusu yüz minlərlə itkilərə rəğmən 3 ildir heç cür Donetsk vilayətinin düzlərindən və bataqlıqlarından çıxa bilmir...
Putin, hətta atəşkəsə nail olunsa belə, texniki bəhanələr gətirərək, ona əməl edilməsinin mümkünsüz olduğuna da işarə edib.
Tanınmış almaniyalı hərbi analitik, “Bild” nəşrinin eksperti Julian Röpke Putinin bu çıxışına maraqlı şərh verib. Kifayət qədər məlumatlı və ciddi mənbələrə sahib olan ekspert kimi tanınan Röpke qeyd edib ki, Putinin guya Kurskda böyük sayda Ukrayna hərbçisinin mühasirəyə düşdüyü barədə dedikləri tamamilə yalandır. O deyib ki, müəyyən sayda itkilər, əsir düşənlər olsa da, Ukraynanın döyüş qabiliyyətli bölmələrinin “99 faizi Kurskdan sağ-salamat çıxarılıb”: “Bəli, Kurskdakı ərazinin böyük hissəsi azad edilib. Orada ukraynalılar yarımmühasirədə idilər. Ora Rusiya ərazisi idi. Lakin Pokrovskda, Slavyansk bölgəsində, Kramatorskda baş verənlərə baxsanız, mən indi yalnız Donetsk vilayətindən danışıram, hətta Xerson vilayətini demirəm - Putinin bu bölgələrin ərazisini tamamilə ələ keçirmək imkanı yoxdur. Məsələn, son məlumata görə, Pokrovsk istiqamətindəki Şevçenko qəsəbəsi ruslardan geri alınıb. Orada Rusiya irəliləmir, əksinə, geriləyir. Putin özünü hansı yerə qoyur? Onun vəziyyəti, mövqeyi özünün düşündüyü və televiziyada göstərdiyi kimi güclü deyil. Ümumi vəziyyətə baxsaq, Putinin Ukraynadan tələbləri mövcud reallıqla müqayisədə ağlasığmazdır”
Putinin atəşkəs təklifinə cavabına qayıtsaq, belə bir anlayış var ki, istənilən fikirdə əsas söz “amma”-dan sonra gəlir. “Amma”-ya qədər deyilənlər isə “prelyudiya”dır və bunları kənara atmaq olar. Putin də “amma”-ya qədər Trampın ünvanına tərif və minətdarlıqlar yağdırsa da, atəşkəsin “düzgün təklif” olduğunu bildirsə də, sonda irəli sürdüyü şərtlərlə faktiki oaraq “yox” cavabını vermiş oldu.
İndi qalır Trampın atacağı addımlar. Vaxt isə daralır və yaxın 1-2 həftə ərzində atəşkəsə nail olunmasa, Trampın bu münaqişə ilə bağlı hər hansı bir ciddi planının olmadığı, bütün digər vədləri kimi, Ukrayna müharibəsini dayandıra biləcəyinə dair vədinin də “sabun köpüyü” olduğu tam aydınlaşacaq.../azpolitika.info