“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - DEPUTATDAN AÇIQLAMA

Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır.

Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır: “Qiyməti də təxminən 3-4-5-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".

Deputat qeyd edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:

"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmiz Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”./report