"Bir fakt qoysunlar ki, qeyri-qanuni gəlir əldə etmişəm" - SABİQ DEPUTAT MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Dövlət ittihamçısı Rauf Malışov məhkəmə prosesində şahid qismində ifadə verən İlqar Mustafayevin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədi. Hakim Azər Tağıyev şahidin ilkin ifadəsini elan etdi:

"Mən Hüseyn Abdullayevi 1995-ci ildən tanıyıram. Onun Səbail rayonunda olan mağazasında işləyirdim, həm də inzibati işlərini idarə edirdim. Həmin şirkət Zeynəb və Abbas Abdullayevlərin adına olsa da, faktiki Hüseyn Abdullayev idarə edirdi. Mənə maaş kimi 400 dollar verirdi, 2000-ci ilin sonlarına kimi Hüseyn Abdullayevin yanında işlədim. Hüseyn Abdullayevə xarici biznesindən külli miqdarda pul gəlirdi. Onların müxtəlif banklarda hesablarının olduğunu bilirdim. Azadə Cəfərova Hüseyn Abdullayevin ailəsinin ən yaxın adamı, həmçinin şirkətinin mühasibi idi. Ailə üzvlərinin tapşırığı ilə hesablara mədaxil olunmuş vəsaitləri banklardan məxaric edirdi və onlara verirdi. Həmin pullar ola bilər başqa məqsədlər üçün də istifadə olunurdu. Hüseyn Abdullayevin obyektlərindən icarə haqqlarını mən yığıb Azadə Cəfərova ya təhvil verirdim. O da Hüseyn və Zeynəb Abdullayevanın bank hesablarına mədaxil edirdi. Hüseyn Abdullayev xarici bank hesablarına külli miqdarda vəsaitlər göndərirdi".

Məhkəmənin bu yerində prosesə Bakı İstintaq Təcridxanasından onlayn qoşulan Hüseyn Abdullayev səhəti ilə əlaqədar dayana bilmədiyini deyərək etiraz etdi. Hakim isə ona sakitləşməyi məsləhət görərək prosesi aparmağa davam etdi. Növbəti şahid isə Hüseyn Abdullayevin anası Zeynəb Abdullayev ifadə verməyə başladı. Zeynəb xanım oğlu barədə ifadə verməkdən imtina edərək konstitusion hüququnun olduğunu xatırlatdı. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi və bir cümlə ilə "Mənim oğlum günahsızdır"- deyə, ifadəsini bitirdi.

Hüseyn Abdullayevin işçisi olan Dağıstanlı Canpolad Kalyayev təqsirləndirilən şəxslə nə zaman tanış olduğundan danışdı: "Mən Hüseyn Abdullayevin işçisi olmuşam, ondan nə ixtiyarım olub ki, soruşum nə işlə məşğuldur. Mən ondan soruşa bilərdim ki, sənin nə qədər pulun var".

Hüseyn Abdullayevə ev satan digər şahid sənədləşmə işlərini Azadə Cəfərova ilə gördüyünü bildirdi: "Onun adına etibarnamə verilmişdi. Bilirdim evi Hüseyn Abdullayev alır".

Prosesin bu yerində Hüseyn Abdullayev çıxış edərək bildirdi ki, "bir fakt qoysunlar ki, qeyri-qanuni gəlir əldə etmişəm".

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib./"unikal"