Binəqədidə dörd mağazada 63 kəsici-deşici alət aşkarlandı

Paytaxtın Binəqədi və digər rayonlarında satış üçün nəzərdə tutulan kəsici-deşici alətlərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün rayon ərazisində keçirdikləri tədbirlərlə 4 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 63 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Xəzər, Nəsimi, Suraxanı və Xətai rayonlarında da davam etdirilib.

Qeyd edilən rayonların ərazisində yerləşən 5 mağazadan isə 78 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.

Maddi sübut kimi götürülən ümumilikdə 141 ədəd soyuq silahla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.