Binəqədidə 10 nəfərin öldüyü yanğınla bağlı məhkəmə işi - ZƏRƏRÇƏKƏNLƏR PUL, EV TƏLƏB EDİRLƏR

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkən şəxslərin hüquqi varisləri ifadə verib.

Prosesdə zərərçəkən şəxsin hüquqi varisi qismində tanınan Gülnaz Məmmədova ifadə verib.

O bildirib ki, həyat yoldaşı Elvin Məmmədov zavodda baş verən partlayış nəticəsində həlak olub:

"Yoldaşım 2015-ci ildən zavodda Babək Nəzərov adlı şəxsin sexində kəsim aparatını işlədirdi. Hadisədən sonra beş min manat ödəniş olunub. İki övladım var, Elvin öləndən sonra ortalıqda qalmışıq. İddiam odur ki, bizi evlə təmin etsinlər".

Hadisə nəticəsində zavodda həlak olan Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova da deyib ki, yoldaşı sözügedən obyektdə icarə əsasında yer götürüb:

“Hadisədən sonra Tağı İbrahimovun qohumları mənə beş min manat ödəniş ediblər”.

Təqsirləndirilən Tağı İbrahimov bildirib ki, E.Qubadovanın həyat yoldaşı Fərid Qubadov zavodla yox, obyektdə fəaliyyət göstərən digər sexlə müqavilə bağlayaraq icarə haqqı ödəyib.

Zərərçəkən Fərrux Hüseynov isə hadisə nəticəsində ona maddi ziyanın dəydiyini deyib:

"Zavodda mebel sexim var idi. Həmin yeri Toğrul Rzayevdən icarəyə götürmüşdüm. Sexdə 10 il işçi kimi işləmişəm, daha sonra isə həmin sexi icarəyə götürüb özüm işlətmişəm. Qeyri-rəsmi işlədirdim, heç bir müqavilə yox idi. Hadisə nəticəsində kəsim aparatlarına, dəzgahlara ziyan dəyib, 113 min manatlıq zərərim var. Yeri Həmid İbrahimovdan əvvəlki müdirim icarəyə götürmüşdü."

Hadisə nəticəsində həlak olan Solmaz Abbasovanın oğlu Tural Həsənov bildirib ki, anası tikiş sexində işləyib. Hadisə baş verəndən bir neçə saat sonra anasının həlak olduğunu öyrənib.

Zərərçəkən şəxsin hüquqi varisi Bəhram Atakişiyev də hadisə nəticəsində atasını itirdiyini deyib. O deyib ki, atası 10 il partlayış baş verən zavodda işləyib.

Məhkəmənin növbəti iclası oktyabrın 22-ə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.